"Belə bir açıqlama verəndə istər-istəməz müəllimlərin də, direktorların da fikri qarışır"

 16:07 30.11.2023     546

Xəbər verdiyimiz kimi, ötən gün  elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında çıxış edərkən bildirib ki, müəllimi işə direktor götürsə daha yaxşı olar.

"Biz bilirik ki, müəllimi işə direktor götürsə daha yaxşı olar. Amma görürük ki, bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır. Bu gün bizim doktoranturaya istedadlı insanları cəlb etməyimizlə bağlı ciddi problemlər var", - deyə nazir bildirib.

Bəs direktorlar niyə onlara verilən səlahiyyətdən düzgün istifadə etmirlər? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov söylədi ki, belə açıqlamaların verilməsini düzgün hesab etmir:

"Cəmiyyətdə, insanlarda çaşqınlıq yaradır. Hesab edirəm, bu cür açıqlamalar verilməməlidir. Bu gün direktorlar imtahan vasitəsilə işə götürülür. İndi təzədən belə bir açıqlama verəndə istər-istəməz müəllimlərin də, direktorların da fikri qarışır ki, görən nə baş verəcək, necə olacaq? Artıq bu mərhələni keçmişik, yenidən bu məsələyə qayıtmaq lazım deyil. Sadəcə reallıqlar nəzərə alınmalıdır, rəy alına bilər.  Azərbaycan reallığında bu kimi addımlar müəyyən problemlər yaradır. Yəni ki, biz niyə mərkəzləşdirdik? Ona görə mərkəzləşdirdik ki, neqativ hallar aradan qalxsın.

Amma biz təzədən belə məsələ yanaşma ortaya qoyanda qeyd etdiyim kimi, bu, müəyyən problemlər yaradır. Burada məsələ odur ki, müəllim işə götürülərkən yalnız onun biliyi əsas götürülməməlidir. Həmin müəllimin keçmişi, əxlaqı, tərbiyəsi, xarakteri də nəzərə alınmalıdır. Məsələni ciddi düşünüb sonra addım atmaq lazımdır, rəy alına bilər, direktorun fikri öyrənilə bilər ki, bu müəllim necə insandır. Digər məsələ isə müəllimlərin birbaşa gətirilib direktor təyin edilməsi yanlışdır. Təhsil böyük bir kütləni əhatə etdiyinə görə, hər bir verilən açıqlama çox ciddi şəkildə düşünülüb, sonra verilməlidir. Yəni nəzərə almaq lazımdır ki, ölçülüb biçilməmiş verilmiş açıqlamalar sonra çaşqınlıq yarada bilər".

Humay İSGƏNDƏRLİ