Qarabağ Universitetində oxuyan tələbələr yataqxanada qalacaq - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün elm və təhsil naziri Emin Əmrullayev bildirdi ki, növbəti tədris ilindən Qarabağ Universitetində 800-1000 tələbə tədris ala biləcək.
Eyni zamanda Emin Əmrullayev söylədi ki, 30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var, ilkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar.
Maraqlıdır, tələbələrin Xankəndidə yaşaması necə təmin olunacaq?
Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi ki, Qarabağ Universitetinin artıq yataqxanası var:
"Orada kampus formatında fəaliyyət göstərəcəklər. Həmin universitetdə təhsil alan tələbələr yataqxanada qalacaqlar və onlar üçün bütün şərait yaradılacaqdır. Qarabağ Universitetində təhsil alan tələbələr üçün artıq orada infrastruktur var. Dövlət tərəfindən növbəti tədris ilinə qədər həmin yataqxanalar, müasir səviyyədə təmir olunacaq və tələbələrimiz orada qalacaqlar. Həmçinin bilirsiniz ki, tarixi Azərbaycan torpağı olan Xankəndidə Azərbaycan ordusu hər hansı bir dağıntı həyata keçirməyib, orada infrastruktur mövcuddur. Həm təhsil alan tələbələr üçün yataqxana şəraiti var, həmçinin müəllim kontingenti və yaxud da valideynlər arzu etsələr, orada qalmaq mühiti var".
Ekspert vurğuladı ki, universitetə qəbul üzrə müsabiqə şərti hamı üçün bərabərdir:
"Qeyd edim ki, artıq 2024-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunacaq "Abituriyent 4" jurnalında Qarabağ Universitetinin adını siyahıda görə biləcəyik. Müsabiqə şərtini ödəyən abituriyentlər elektron ərizələrində Qarabağ Universitetini də seçə biləcəklər. İnanırıq ki, abituriyentlərin ora çox yüksək marağı yaranacaq. Yeni yaranan universitetlərdə bəzi hallarda bir az aşağı ballar formalaşa bilir və orada təhsil almaq könüllü olacaq. Müsabiqə şərtini ödəyən hər bir şəxs oranı seçə biləcək. Azərbaycan orada tam təhlükəsiz həyat mühitini, yaşayış mühitini, təhsil mühitini təmin edəcək. İnsanlar gedib təhsilini ala biləcəklər".
Qeyd edək ki, Qarabağ Universitetində İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi ixtisasları tədris olunacaq.
Humay İSGƏNDƏRLİ