Naxçıvanda 11 məktəbə direktor təyin edildi

 17:28 01.12.2023     305

Naxçıvanda ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, direktorların seçim prosesi müsahibə əsasında keçirilib.

Müsahibə zamanı namizədlərin qanunvericilik üzrə nəzəri, peşə ilə bağlı texniki bilikləri və idarəetmə bacarıqları yoxlanılıb.

Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib. Namizədlər 5 ballıq sistemlə qiymətləndiriliblər və yekun orta balı 2,5 və daha yüksək olan şəxslər vəzifəyə uyğun hesab ediliblər. Müsahibənin nəticəsinə uyğun olaraq, 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, cari tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.