Dövlət-özəl tərəfdaşlığının mühüm nəticəsi: İspan memarlar AzMİU-da tədrisə cəlb olunacaqlar

 15:30 04.12.2023     672

Dekabrın 4-də İspaniyanın məşhur memarları və memarlıq şirkətlərinin rəhbərləri Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər. “F-Holding”in təşkilatçılığı ilə reallaşan səfər heyətində “Bilbao Architecture Team”in (BAT) təsisçisi Xabier Arranz, BAT-ın tərəfdaşları Juan Miguel Rioboó Fuentes və Peru Canada, “Fundación Metropoli”nin London Şəhər Laboratoriyasının direktoru Naiara Vegara, “Ortiz Leon Arquitectos”un həmtəsisçisi Iñigo Ortiz, ETSASS-ın baş memarı Jaime Otegui təmsil olunublar.

Redaktor.az xəbər verir ki, AzMİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədovanın qonaqlarla görüşü keçirilib. Görüşdə AzMİU-nun kafedra müdiri, Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə, AzMİU-nun məzunu, “F-Holding”in təsisçisi, İspaniyadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Fərid Mustafayev, universitet rəhbərliyi, memarlıq təhsili üzrə professor-müəllim heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Rektor professor Gülçöhrə Məmmədova AzMİU haqqında məlumat verib, universitetdə aparılan tədris prosesi, fakültələr, ixtisaslar, akademik heyət, beynəlxalq əməkdaşlıq əlaqələri, ikili diplom proqramları, mübadilə proqramlarından danışıb, istehsalatla qurulan sağlam əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, AzMİU-nun ixtisaslarına tələb daha da yüksəlib: "Bu gün Qarabağda 30 il müddətində dağıdılan şəhərlərimiz yenidən bərpa olunur. Çalışırıq ki, təhsilimizi yüksək səviyyədə quraq ki, məzunlarımız, mütəxəssislərimiz  memarlığın ən qabaqcıl təcrübəsindən yararlansın, onlar öz bilik və bacarıqlarını həmin ərazilərdə bərpa-quruculuq işlərinə sərf etsinlər. Yeni şəhərlər, kəndlər inşa etsinlər və soydaşlarımız öz yurd-yuvalarına daha tez qayıda bilsinlər".

“Dövlət-özəl tərəfdaşlığının ana xəttini təhsilin keyfiyyətini daha da artırmaq təşkil edir”

AzMİU-nun memalıq və dizayn sahələrində İtaliya, İspaniya , Fransa, Türkiyə və digər ölkələrin nüfuzlu universitetləri ilə qurulan əməkdaşlıq əlaqələrinə toxunan rektor bu əməkdaşlıqla paralel istehsalat müəssisələri ilə tərəfdaşlığın önəminə diqqət çəkib: “ Bizim üçün Dövlət-özəl tərəfdaşlığının ana xəttini təhsilin keyfiyyətini daha da artırmaq təşkil edir. Bu baxımdan bugünkü görüş memarlıq təhsili üçün böyük əhəmiyyət daşıyır. AzMİU bir çox sahələrdə istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. Qurulan bu əlaqələrin başlıca magistral istiqaməti isə təhsilin keyfiyyətinin artırılmasıdır. Biz çalışırıq ki, tələbələrimiz istehsalatdan olan mütəxəssislərdən praktik təcrübə qazansınlar. İspan memarların gələcəyə yönəlik binaların layihələndirilməsi sahəsində zəngin təcrübəsi var. Mən əminəm ki, onların təcrübəsindən bizim tələbələr faydalana biləcəklər”.

Söhbət əsnasında AzMİU-nun tələbə şəhərciyi barədə də danışan rektor bildirib ki, uzun illər tələbə yataxanasında 1990-cı illərdə işğal olunmuş ərazilərimizdən didərgin düşmüş məcburi köçkünlər yaşayıb və hazırda şərait tələbələrin yaşaması üçün əlverişli deyil, ciddi təmir işlərinə ehtiyac var: “Məcburi köçkünlərimiz üçün cənab Prezidentin tapşırığı ilə şəhərciklər salındı, onlar fərdi evlərlə təmin olundu. Torpaqlarımız azad olunandan sonra isə “Böyük Qayıdış” proqramına başlanılıb, vətəndaşlarımız öz doğma yurduna qayıdırlar və bizim yataqxanalar boşalıb. Lakin uzun illər istismarda olan yataqxana binalarında şərait əlverişli deyil”.

“Tələbələrə xoş xəbər – AzMİU-nun yataqxana kompleksi əsaslı təmir olunacaq”

"F-Holding”in təsisçisi Fərid Mustafayev çıxışında memorandumun Azərbaycan memarlarının xaricdə, xarici memarların isə Azərbaycanda fəaliyyətinə şərait yaradacağını vurğulayıb: "Biz peşəkar bir komanda ilə burdayıq. Ümid edirik ki, gəlişimiz AzMİU üçün çox  faydalı olacaq. Mənim təsisçisi olduğum şirkət Azərbaycanla yanaşı, İspaniyada da fəaliyyət göstərir. Gördüyünüz memarlar hər biri öz profillərində kifayət qədər tanınan memarlardır.  Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük  quruculuq işləri aparılır.  Bu işlərə töhfə vermək üçün yüksək bilik və bacarıqlara malik memarlar yetişdirmək lazımdır. Mən inanıram ki, əməkdaşlığımız yetişəcək gənc memarlara dünya səviyyəli mütəxəssislər olmasına töhfə verəcək”.

Fərid Mustafayev çıxışında AzMİU-nun yataqxana kompleksi ilə bağlı məsələyə də toxunub. Şirkət rəhbəri qeyd edib ki, "F-Holding” yataqxananın təmir işlərini öhdələrinə götürür və gələn ildən etibarən təmir-bərpa işlərinə başlamaq mümkündür. 

Professor Elbay Qasımzadə isə çıxışında görüşü Azərbaycan memarlığı üçün əlamətdar hadisə adlandırıb: “Bu gün Azərbaycanda şəhərsalma və memarlıq sahəsində əsl dönüş yaranıb, ölçüyəgəlməz işlər həyata keçirilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda infrastruktur tamamilə yenilənir. Bütün şəhərlərin baş planları üzərində iş aparılır. Bütün bu işlər bizim qarşımızda daha böyük vəzifələr qoyur. Bu baxımdan uğurlu beynəlxalq təcrübənin tədrisə daha intensiv tətbiqi müsbət nəticələrə yol açacaq”.

İspan qonaqlar da öz növbələrində səmimi qarşılanmaya görə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovaya təşəkkürlərini bildiriblər.. Çıxışlarda   müasir memarlıq təcrübələrini  universitetin auditoriyalarında  bölüşməyə hazır olduqlarını deyiblər. AzMİU-nun memarlıq ixtisası üzrə tədris aparan akademik heyəti və tələbələrlə öz müasir memarlıq təcrübələrini bölüşməkdən məmnun olacaqlarını bildiriblər.

“Yeni memorandum xarici təcrübədən yararlanmağa şərait yaratdı”

Görüşdə bir sıra istiqamətlər üzrə də əməkdaşlıq məsələləri müzakirə olunub və AzMİU ilə “F-Holding” arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “F-Holding”in direktoru Fərid Mustafayev imzalayıblar.

Dövlət-özəl əməkdaşlığına əsaslan memorandumda xarici mütəxəssislərin AzMİU-da Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, birgə layihələrin işlənilməsi planlaşdırılır. 

Daha sonra ispan memarların Memarlıq fakültəsinin müəllim və tələbələri üçün təqdimatları təşkil olunub.

Təqdimatlarda əcnəbi memarlar özlərinə məxsus məşhur layihələri, həmin layihələrin elmi-nəzəri, həmçinin praktiki aspektləri haqqında geniş məlumat veriblər.

22222222222222