Məktəblinin davranışları ilə bağlı RƏSMİ AÇIQLAMA

 16:44 05.12.2023     611

Bakının Nəsimi rayonu 5 saylı məktəbin 1L sinfində təhsil alan şagirdlərdən birinin davranışları həm sinif yoldaşlarını, həm də onların valideynlərini narahat edir.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə həmin valideynlərdən biri olan Nicat Teymurxanov paylaşım edib.

Onun sözlərinə görə, sözügedən şagird sinif yoldaşlarının ünvanına yaşına uyğun olmayan söyüşlər söyür, eyni zamanda onlara fiziki təzyiqlər göstərir: “Dəfələrlə valideynlər digər davranışlarına görə anasına xəbərdarlıqlar etməyinə baxmayaraq, anası iradları nəinki qəbul etmir, əksinə cümlələri ilə ona iradını bildirənləri də əzməyə çalışır. Son damla isə uşağın salfetə ağza almayacaq qədər pis sözlər yazıb bir qıza verməsi olur. Bundan isə valideynlər üzrə qrup rəhbəri xəbər tutur. Məsələyə müdaxilə edir və valideynlərə məlumat verir”.

N.Teymurxanov bildirib ki, məsələ ilə bağlı məktəbin rəhbərliyinə də məlumat verilib: “Valideynlərin səs-küyündən sonra direktor Nərminə Gündüzlü valideynləri qəbul edib və görüş əsnasında da otaqda olan valideynləri haqsız çıxartmağa çalışıb, baş verən hadisələri normal qəbul edib. Valideynləri təbii olaraq, bu davranış qəzəbləndirir və qərara gəlirlər ki, bu məsələ həll yolu tapmayana kimi məktəbə gedilməsin. Səhərisi gün siyahı üzrə 14 şagird məktəbə getmir”. 

Valideynlərin iddiasına əsasən, hətta, şagirdin özü də evdə şiddət görür. Buna görə də valideynlər həm Bakı Şəhər Təhsil İdarəsinə, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. 

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirlib ki: “Noyabrın 30-da ibtidai sinif şagirdləri dərsdən çıxan zaman 1L sinfinin valideynləri tərəfindən 6 yaşlı bir şagirdə təzyiq göstərilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb. “Məktəblinin dostu” layihəsinin əməkdaşları və ibtidai sinif müəlliminin iştirakı ilə həmin valideynlərlə görüş keçirilib. Aydın olub ki, 6 yaşlı I sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sinifdə nalayiq ifadə işlədib və bunu vərəqə yazaraq sinif yoldaşına verib. Bununla bağlı şagirdin valideyni ilə də müvafiq söhbət aparılıb. Valideynin razılığı ilə şagirdin sinfi dəyişdirilib. Məktəb psixoloqu tərəfindən şagirdlə zəruri söhbət aparılır, müvafiq dəstəkləyici tədbirlər həyata keçirilir”. 

Sözügedən hadisə və şagirdin evdə şiddətə məruz qalması ehtimalı ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, komitənin sosial şəbəkə vasitəsinə daxil olmuş məlumatda Bakı şəhəri 5 nömrəli tam orta məktəbin birinci sinif şagirdinin qeyri-etik ifadələr işlətdiyi və digər uşaqların tərbiyəsinə mənfi təsir göstərdiyi öz əksini tapıb: “Məsələ ilə bağlı dərhal azyaşlının valideyni ilə, o cümlədən məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini ilə danışıqlar aparılıb. Eyni zamanda, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi və görüləcək müvafiq tədbirlərin nəticəsi barədə Komitəyə məlumat verilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi müraciət ünvanlanıb”.