"Müvafiq ixtisası olmayanlarla bağlı iş görməliyik ki, onlar sıradan çıxsınlar" - Təhsil eksperti

 17:31 11.12.2023     1073

Bildiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. 

"Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir. Adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqları inkişafını təmin edə bilmərik. Yenə deyirəm, mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil. Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq",- deyə nazir əlavə edib.

Nazirin bu fikirləri ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi söylədi ki, məktəbəqədər təhsil pilləsi ən mühim təhsil pillələrindən biridir:

"İbtidai təhsil pilləsi və məktəbəqədər təhsil pilləsi beynəlxalq sistemdə qəbul olunan bir faktdır ki, burada şagirdlərə biz nəyi verəcəyiksə, böyüdükdən sonra onlar həmin verdiklərimizi bizə geri qaytaracaqlar. Yəni pis verəcəyiksə, pisi qaytaracaqlar, yaxşı verəcəyiksə, yaxşını qaytaracaqlar. Ona görə də bu təhsil pillələrində daha çox bacarıqlı, bilikli müəllimlər olmalıdırlar ki, onlar bizim övladlarımızın düzgün tərbiyə olunması, eyni zamanda düzgün təhsil almalarında əllərindən gələnin artığını etsinlər. Təbii ki, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan qabaqcıl ölkələrini nümunə olaraq götürürüksə, əksəriyyətində məktəbdəqədər təhsil pilləsində ali təhsilli şəxslər dərs deyir. Hətta ibtidai təhsil pilləsində təkcə bakalavr təhsili yox, magistr təhsili də tələb edənlər var. Bu, onu deməyə əsas verir ki, əgər dünyanın əksər ölkələrində bu kimi kriteriyalar varsa, tədricən biz də zamanla bunları özümüz üçün bərqərar etməliyik, tətbiq etməliyik. Bu gün nəzərə alsaq ki, 120 mindən çox şagird məktəbəqədər təhsil pilləsində təhsil alır. Nəzərdə tutulan ondan ibarətdir ki, bir neçə işğaldan azad olunmuş ərazilər üzrə, eyni zamanda paytaxtda əhalinin sıx olduğu yerlər üzrə yenə də məktəbəqədər təhsil müəssisələri yaradılsın və bütün bunlar onu deməyə əsas verir ki, şagird sayı çox olacaq. Bunların düzgün tərbiyə olunmasında daha bacarıqlı müəllimlərin olması vacibdir".

O əlavə etdi ki, məktəbəqədər təhsil pilləsi dövlət başçısının müvafi sərəncamı əsasında Elm və Təhsil Nazirliyinə ötən ilin yanvar ayından etibarən verilib.

"Buna qədər isə yerli icra hakimiyyətinin tabeliyində idi və orada hansı maxinasiyalar, hansı qanundankənar hallar olduğunu hər birimiz çox yaxşı bilirik. Heç aidiyyəti ixtisası olmayan və yaxud ümumiyyətlə heç adamın ali və yaxud orta ixtisas təhsili olmadığı halda bağçada gəlib dərs deyirdisə, zamanla artıq bu istiqamətdə iş görməliyik ki, o kimi şəxslər sıradan çıxsınlar. "Təhsil haqqında" qanunvericilikdə və Nazirlər Kabinetinin müvafiq qərarında da tələb olunan ondan ibarətdir ki, məktəbəqədər təlim-tərbiyə prosesində bu ixtisas üzrə orta və ali təhsil pilləsini bitirən şəxslər çalışa bilərlər. Yəni tərbiyəçi müəllim funksiyasını yerinə yetirə bilərlər. Ola bilər bir müddətdən sonra artıq bu sahədə müəyyən çevik işlər gördükdən sonra tələb qoyulsun ki, təkcə  məktəbəqədər təhsilin artıq ali təhsilini bitirənlər tələb olunur. Yəni tədricən belə bir qərar qəbul edilə bilər. Bütün bunlar isə yenə də ümumi təhsil pilləsinin inkişafına çağırışdır və ümumilikdə ölkə təhsilinin inkişafına bir növ veriləcək töhfələri özündə ehtiva edir", - deyə E.Əfəndi bildirdi.

Humay İSGƏNDƏRLİ