"Direktorla müəllimin mübahisəsi şagirdlərin gözü qarşısında baş verməməlidir" - ETİRAZ

 17:06 12.12.2023     776

Məlum olduğu kimi, Samuxda məktəb direktorunun müəllimi döyməsi ilə bağlı xəbər yayılıb. Rayonun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şəhla Quliyevanın sözlərinə görə, məktəbin yeni direktoru vəzifəyə təyin olunduğu gündən onunla kobud davranıb. Sonuncu mübahisə isə xoşagəlməz halla nəticələnib.

Məsələni araşdırmaq üçün isə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən məsələ ilə əlaqədar müvafiq komissiya yaradılıb. Rəsmi açıqlamada bildirilir ki, araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.

Qeyd edək ki, son illər direktor və müəllimlər arasında bu cür hallar tez-tez baş verir. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, istənilən halda şagird və müəllim, eyni zamanda məktəb rəhbərliyi, müəllim ümumi kommunikasiyanı diqqətdə saxlamaqla bir-birinə müvafiq olaraq münasibətləri düzgün qurmalıdır.

Onun sözlərinə görə, rabitəsizliyin olması, bir-biri ilə münasibətlərin gərgin olması şagirdlərə, eyni zamanda onların dərs prosesinə mane olmamalıdır:

"Dünən baş verən hadisənin tam detallarını bilmirəm. Əsasən bu növ hadisələr o zaman baş verir ki, müəllim dərs bölgüsündən narazıdır. Yəni direktora etiraz edir və yaxud da müəllim nəsə icazə istəyir, direktor icazə vermir və nəticə etibarilə belə bir hal yaşanır. Və yaxud əmək haqqı hesablanmasında, məsələn, düzgün hesablama olmur, əmək haqqından tutulmalar olur və sair. Belə olduğu halda, bəli, müəllim və məktəb rəhbərliyi arasında bir qarşıdurma, mübahisə yaranır. Əlbəttə, bu mübahisələri heç kəs istəmir və xüsusilə də şagirdlərin yanında təbii ki, belə bir münasibətlərin olması yolverilməzdir. O nöqteyi nəzərdən, məktəb müəlliminin, məktəb rəhbərliyinin də özlərinin hərəsinin qanunvericiliyin tələbinə uyğun hüquq və vəzifələri var. Onlar öz hüquq və vəzifələrindən öhdəliklərindən irəli gələn nələr varsa, onlara riayət etməlidirlər. Bu, təkcə Samuxda baş verən məktəbdə deyil, ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən 4400-ə yaxın məktəb var, bunların hər birinə şamil olunur. Eyni zamanda, çalışan 150 mindən çox müəllim heyətinin hər birinə şamil olunur. Yəni hər hansı bir mübahisə baş verirsə, bu, şagirdlərin gözü qarşısında baş verməməlidir. Onlar çalışmalıdırlar ki, müvafiq olaraq direktorun otağında mübahisəyə aydınlıq gətiirlsin. Təəssüf ki, son dövrlər belə hallar yaşanır. Əsasən, dediyim faktlara söykənir. Ondan kənar bir şey deyil".

Həmidə İBRAHİMLİ