Azərbaycanda uşaq bağçaları daha çox dayə xidmətini yerinə yetirir - Kamran Əsədov
Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq.
Nazir qeyd edib ki, indiyə qədər kim çalışırsa, işini davam etdirəcək. "Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq”, - deyə Əmrullayev əlavə edib.
Bəs, bundan sonra kollec təhsili almış şəxslər bağçalarda dərs deyə bilməyəcək? Onların aqibəti necə olacaq? Kolleclər üzrə bu ixtisaslarda təhsil dayandırılacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil ekperti Kamran Əsədov dedi ki, hazırda bizim 1693 uşaq bağçası və körpələr evində 114 minə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb edilib:
"Bu, ümumi uşaqların yalnız 30 faizə qədəridir. Qeyd edim ki, 2016-cı ildə qəbul edilmiş "Məktəbəqədər təhsil haqqında" qanunun tələblərinə əsasən, uşaq bağçaları və körpələr evində daha çox bu sahə üzrə ali və orta ixtisas təhsilli şəxslər çalışa bilərlər. Bu o demək deyil ki, kollec məzunları orada işləyə bilməz. Qanunvericilikdə bununla bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmur. Yəni kollec məzunları da işləyə bilər. Sadəcə olaraq nazir qeyd edir ki, bu sahəni biz artıq təhsilin ciddi bir pilləsi olaraq qəbul etməliyik. Bu gün Azərbaycanda uşaq bağçaları, körpələr evi çox təəssüflər olsun ki, daha çox dayə xidmətini yerinə yetirən bir müəssisə fonundadır. Əslində məktəbəqədər təhsil, yəni uşaq bağçaları təhsilin bir pilləsidir və burada şagirdlərə oxuma, yazma, anlama və dinləmə kimi kompetensiyalar formalaşdırılmalıdır və biliklər verilməlidir. Amma bu gün orta məktəblərdən fərqli olaraq, məktəbəqədər təhsil müəssisələrində, yəni uşaq bağçaları və körpələr evində çalışan 18000 şəxsin 6 minindən çoxunun ümumiyyətlə təhsili yoxdur. Yaxud da ki, 60 faizə qədər çalışanlar qeyri sahədən gələnlərdir. Məhz burada uşaqların təməli zəif qoyulur. Bilirik ki, uşaqlar məktəbəqədər təhsildən birinci sinfə gələndə müəyyən qədər fiziki, psixoloji və zehni problem yaşayır. Nazir qeyd edir ki, bu sahənin inkişafına nail olmaqdan ötrü daha yaxşı olar ki, ali təhsillilər olsun. Məsələn, Finlandiyada, Cənubi Koreya və Sinqapurda belədir. Amma bu o demək deyil ki, hazırda kollecdə oxuyanlar gələcəkdə işləyə bilməz. Yaxud da kimsə indi bağçalarda işləyir və kollec məzunudursa, o işdən azad olunacaq. Proses belə deyil, onlar da işləyəcəklər. Amma bundan sonrakı prosesdə, yeni mərhələdə daha çox üstünlük ali təhsillilərə veriləcək. Hazırda çalışan və yaxud da ki, bu sahədə oxuyanların əmək fəaliyyəti ilə məşğul olmasına məhdudiyyət olmayacaqdır".
Humay İSGƏNDƏRLİ