"Kişi direktorun qadın müəllimə əl qaldırması nə deməkdir?" - Nadir İsrafilovdan ETİRAZ
"Məktəblərdə baş verən qalmaqallar bir ara səngisə də, yeni il qabağı yenidən bunun şahidi olduq. Özü də bu dəfə həmişə olduğu kimi müəllim-şagird münasibətləri zəmnində yox, məhz müəlim-direktor müstəvisində. Qadına əl qaldırmaq nə deməkdir? O ki, qalsın belə bir olayın məktəbdə baş verməsinə və belə bir hərəkətin təlim-tərbiyə müəssisəsinin kişi rərbəri tərəfindən qadın müəllimə qarşı yol verməsinə və bu azmış kimi hələ bunu uşaqların gözü qarşısında etməsinə. Hələ ki, bunlar iddialardır. İddia olsa belə, “od olmayan yerdən tüstü çıxmaz” məntiqi ilə yanaşsaq, deməli məktəbdə bu və ya hansısa formada nəsə baş verib. Digər bir ağırlaşdırıcı hal ondan ibarətdir ki, iddiaya əsasən məktəb direktoru tərəfindən məktəbin müəlliminə qarş belə bir hərəkətə yol verilibsə, məsələnin mahiyyəti bir az da qəlizləşmiş olur: kiçiklər böyüklərdən nümunə götürməlidir, yoxsa böyüklər kiçiklərdən... Şagirdlər müəllimlərdən nümunə götürməlidir, yoxsa müəllimlər şagirdlərdən...? Hələ ki, məsələ araşdırılma mərhələsindədir".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov Samuxda məktəb direktorunun müəllimi döydüyü iddiasını şərh edərkən deyib.
Onun sözlərinə görə, baş verənlərə hüquqi qiymət verilib-verilməməsindən asılı olmayaraq, kiminsə nə dərəcədə cəza alacağı qaçılmazdır.
"Bəlkə də elə cəzasızlıq sindromu bu kimi halların ildən-ilə təkrarlanmasına rəvac verən əsas səbəblərdən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə “Müəllimlərin etik davranış Qaydaları” təsdiq edilib. Günah payının az və çoxluğundan, əsas günahkarın kim olmasından asılı olmayaraq, yəni bu məktəbin direktor və müəlliminin bu qaydalardan xəbəri yoxdur...? Bunlar işə götürülərkən onların psixoloji durumu, kimliyi, nəçiliyi, hansı mənəviyyata sahib olduqları yoxlanılmayıb? Bəlkə, müəllimlərin və direktorların işə qəbul zamanı, test imtahanında nəzəri biliklərlə yanaşı, müsahibə prosesində müsabiqə iştirakçılarının sadaladığımız və sadalamadığımız digər mənəvi xüsusiyyətlərinə diqqəti bir az da artıraq...?", - deyə Nadir İsrafilov vurğuladı.
Həmidə İBRAHİMLİ