"Türkiyədən müəllim heyəti gətirə bilərik ki, dərsləri icra etsinlər" - Təhsil eksperti

 17:22 18.12.2023     657

"Son 3-4 ilə qədər peşə təhsili ümumiyyətlə nüfuzdan düşmüş bir təhsil forması idi".

Bunu peşə təhsili haqqında Redaktor.az-a danışan təhsil ekssperti Elçin Əfəndi dedi.

Ekspert əlavə etdi ki, son 3-4 il ərzində bu istiqamətdə təhsil almaq istəyən vətəndaşların sayında artım görünür:

"Eyni zamanda, bu artımla paralel, yəni statistik baxımından da baxsaq, Azərbaycanda son dövrdə artıq peşə təhsili istiqamətində təhsil almaq istəyən və yaxud təhsil alan şəxslərin sayı artıb. Bununla paralel biz bu istiqamətdə ümumi və yaxud uğurlu islahatlara imza atmaq istəyiriksə, Peşə Təhsili Agentliyi, eyni zamanda peşə təhsili müəssisələri, orada təhsil alan şəxslərin karyera, iş imkanlarını nəzərə almalıdırlar, düşünməlidirlər. Çünki biz cəmiyyət olaraq qəbul etmişik ki, peşə təhsilini kimsə bitiribsə, o, heç yerdə iş tapmayacaq, nəinki peşə təhsili. Peşə təhsili istiqamətində təəssüflər olsun ki, bu fikir hələ də qalmaqdadır. Bunun aradan qaldırılması üçün ölkəmizdə mövcud olan istər beynəlxalq, istər daxili şirkətlərin, qurumların onlarla əməkdaşlıq zərurəti var. Hansı ki, peşə təhsili istiqamətində şagirdlər var və ya digər tələbələr ki var, onların müvafiq təcrübə keçmələri, təhsil aldıqları istiqamət üzrə iş imkanları və bunlar hamısı danışıb görüşülməli və aralarında bir saziş bağlanmalıdır. Yəni bu mütləq birinci şərtdir. Eyni zamanda Türkiyədə olan peşə təhsili istiqamətində ümumi tətbiqlərin bizdə bir neçə peşə təhsili müəssisələrində həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda tədricən subbakalavr dərəcəsinin verilməsi bu istiqamətdə axını daha da artıra bilər. Hansı ki, subbakalavr təhsil dərəcəsi verilənlər gələcəkdə ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul ola bilərlər".

Elçin Əfəndi qeyd etdi ki, Qarabağ Universitetinin tabeliyində və yaxud onun nəzarətində hər hansı bir peşə təhsil müəssisəsi yaradılacaq. 

"Qarabağ ərazisində hər kəs ali təhsilli olası deyil. Orada dərziyə ehtiyac olacaq, aşpaza ehtiyacı olacaq, otel işçisinə ehtiyac yaranacaq. Yəni bu istiqamətdə olan kadrların hazırlığını həyata keçirən isə peşə təhsilidir, peşə təhsili də orada mütləq bərqərar olunmalıdır. Amma peşə təhsili istiqamətində istər paytaxt və yaxud da paytaxtdan kənar ərazilərə biz baxsaq, oradakı müəllim heyətini tam olaraq Qarabağa cəlb etmək, təbii ki, doğru deyil. Yalnız bu istiqamətdə təhsil alan şəxslərin tədricən müəyyən dövr ərzində Qarabağa cəlb olunmasına çalışılmalıdır. Həmin dövr ərzində olanlar yetərli məlumatı almalı, müəyyən təlimlərdə iştirak etməlidirlər.  Amma birbaşa burada dərs deyəni aparıb orda desək ki, "sən burda dərsinə başla", bəs yaxşı, buradakıları kimi idarə edəcək? Ona görə də birmənalı olaraq qəbul etmirəm ki, peşə təhsili sahəsindəki Bakıdakı müəllimlər Qarabağ aparılsın, açığı bunun tərəfdarı da deyiləm. Hətta xaricdən də mütəxəssis gətirə bilərik və yaxud qardaş ölkə Türkiyədən müəllim heyəti gətirə bilərik ki, dərsləri icra etsinlər", - deyə ekspert bildirdi.

Humay İSGƏNDƏRLİ