"DİM-in yürütdüyü siyasət ölkənin təhsil siyasətini həyata keçirməyə mane olur"
"Nazirlər Kabinetinin qərarına əsasən ölkədə bütün təhsil müəssisələri, o cümlədən ümumtəhsil müəssisələri adambaşına düşən maliyyələşmə sistemiylə işləyir".
Bunu Redaktor.az-a Azərbaycanda hər şagirdə ayrılan vəsaitlə bağlı danışan təhsil eksperti Elşən Qafarov söyləyib.
Ekspert əlavə edib ki, məktəblərin növünə görə hər təhsil alan şagirdərə maliyyə ayrır:
"Ölkənin təhsilə ayrılığı dövlət büdcəsinin 55 faizi ümumtəhsilə ayrılır. Amma bu o demək deyil ki, hər bir şəxsin pulunu biz məktəbə veririk. Hazırda ümumtəhsil məktəbləri publik hüquqi şəxs deyil. Ona görə də bu sistem ucqar dağ kəndindəki bir məktəbin mühafizəçisindən tutmuş, nazirinə qədər olan əməkhaqqı sisteminin saxlanmasına ayrılmış xərcdir. Ali və orta ixtisas təhsil müəssisələri, 2011-ci ildən, peşə təhsili müəssisələri 2018-ci ildən adambaşına maliyyələşmə sisteminə keçib. Bu gün valideynlər ona görə əlavə pul xərcləyirlər ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında səlahiyyətlər və vəzifələr doğru düzgün müəyyən olunmayıb. Bu gün ölkədə DİM-in yürütdüyü siyasət ölkənin təhsil siyasətini həyata keçirməyə mane olur. Belə ki, biz ümumorta və tam orta təhsil səviyyəsini bitirdikdən sonra şagirdələrə attestat veririk və orada göstərir ki, ümumorta və tam orta təhsil üzrə dövlət standartlarının təhsil proqramlarını bitiriblər. Amma DİM imtahanı martın əvvəlində - tədris ilinin bitməsinə 12 həftə qalmış keçirir. Sonra da deyir ki, imtahandan sonrakı mövzular ora salınmır. Bu o deməkdir ki, ümumortanı bitirən və ya tam ortanı bitirən məzunlar təhsil proqramını tam keçməmiş, artıq onlar məzun olurlar. Digər tərəfdən isə DİM özü test hazırlayır, özü də imtahan keçirir. İstədiyi halda testin səviyyəsini aşağı sala bilər, istədiyi halda səviyyəni yuxarı qaldıra bilər. Bunun da nəticə etibarilə birbaşa imtahanlara təsir etmək imkanı var. Digər bir probelm isə odur ki, imtahanlar qruplar üzrə keçirilir. Dünyanın heç bir ölkəsində qruplar üzrə imtahan olmur. İllərdir təklif edirik ki, imtahanlar ixtisaslar üzrə olsun, müstəqil testologiya institutu və yaxud mərkəzi yaradılsın. Ona görə də problemə mütəxəssis gözü ilə baxsaq, görəcəyik ki, valideynlərin repetitor və əlavə kurslara xərclədiyi pullar ona görədir ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında səlahiyyət vəzifələri doğru-düzgün müəyyən edilməyib. Düşünürəm ki, yaxın gələcəkdə bu problem öz həlli yolunu tapacaq".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda hər şagird üçün 7 min manat vəsait ayrılır.
Humay İSGƏNDƏRLİ