İstanbul Texniki Universiteti ilə AzMİU arasında ikili diplom müzakirəsi

 12:23 20.12.2023     674

Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Redaktor.az xəbər verir ki, türkiyəli qonaqlar AzMİU-nun geniş tərkibdə nümayəndə heyəti ilə görüş keçiriblər. Dəyirmi masa ətrafında keçən görüşdə əsas müzakirə mövzusu İTU və AzMİU arasında inşaat mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının miqyasının genişləndirilməsi, tələbə sayının artırılması, digər ixtisaslar üzrə ikili diplom müqavilələrinin işlənib hazırlanması kimi vacib məqamlar olub.

Tərəflər, eyni zamanda əlaqələrin şaxələndirilməsi, gələcək əməkdaşlıq istiqamətlərinə dair təkliflər səsləndiriblər. İnşaat mühəndisliyi ixtisası üzrə iki universitet arasında səmərəli əməkdaşlığa diqqət çəkilərək, memarlıq ixtisası üzrə magistratura səviyyəsində ikili diplom müqaviləsinin imzalanması və bu müqavilənin həyata keçirilməsi istiqamətində detallı müzakirə aparılıb.

Görüşdə, o cümlədən Erasmus proqramında İTU və AzMİU müəllimlərinin aktiv iştirakına şərait yaratmaq, birgə layihələrin hazırlanması, eləcə də şəhərsalma və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə ikili diplom proqramlarının tətbiqi, birgə məzun gününün təşkili məsələləri ilə bağlı da ilkin razılıq əldə olunub. 

Sonra AzMİU-nun kampusunu gəzən qonaqlar Memarlıq fakültəsində tədris prosesinə nəzər yetirib, akademik heyətlə ünsiyyətdə olublar. Onlar fakültənin dəhlizində sərgilənən layihə işlərinə baxış keçiriblər.

Qonaqlar Ekologiya, həmçinin Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasında olublar, kafedraların nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçiriblər.

22222