Azərbaycanda universitet bitirmiş qızlar işə qəbulda azlıq təşkil edir?

 17:17 21.12.2023     1127

Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən iclasında çıxış edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, ali təhsil müəssisələrinə qızlar yüksək balla daxil olsa da, işə qəbulda oğlanlar üstünlük təşkil edir.

Maraqlıdır, buna gəitrib çıxaran səbəblər nədir? Həqiqətənmi Azərbaycanda universitet bitirmiş qızlar işə qəbulda azlıq təşkil edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi ki, oğlan abituriyentlərlə müqayisədə ali məktəblərə qəbulda qızların faizinin yüksək olmasının səbəbi oğlan abituriyentlərin, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olması ilə bağlıdır:

"Məsələn, Polis Akademiyasına, Dövlət Təhlükəsizlik Xidmətinin akademiyasına, Sərhəd Xidmətinin akademiyasına və yaxud Fövqəladə Hallar Nazirliyinin akademiyasına və digər xüsusi təhsil müəssisələrinə oğlanlar daha çox gedirlər. Qızların daha çox pedaqoji ixtisaslara qəbulu üstünlük təşkil edir. İşə qəbul prosesində isə bir neçə məqam var, bilirsiniz ki, qızlar təhsil aldıqları müddətdə və yaxud da təhsillərini başa vurandan sonra ailə həyatı qururlar. Ailə həyatı qurandan sonra işlə təmin olunmasında problemlər yaşanır. Yəni ailə üzvləri bəzi hallarda işləməyinə icazə vermir. Yaxud da ki, tələbələrin məzun olduqdan sonra ixtisasları üzrə iş təminatında porblem yaranır. Oğlanlar üçün artıq əmək bazarında işin hər hansı bir fərqi yoxdur. Onlar hansı iş olursa-olsun, ixtisaslara uyğun oldu-olmadı, işləyirlər. Amma qızlar isə daha çox öz bilik və bacarıqlarına uyğun işlərdə çalışmaq istəyirlər. Bu da müəyyən məsələlərdə ciddi problemləri ortaya çıxarda bilir. Həmçinin belə bir qəbul prosesində biz bəzən görürük ki, kənar müdaxilələr ola bilər. Məsələn, valideynlər bəzən oğlan övladları üçün müxtəlif yollarla iş tapmaq və işə qəbul prosesinə kömək etməyə çalışırlar, amma qızlarına qarşı onu etmirlər. Etiraf edək ki, qaydalardan kənar işə qəbul prosesində valideynlər daha çox oğlan övladlarının qəbulunda maraqlı olurlar. Amma qızlarla bağlı çox təəssüf ki, mental olaraq bu yanaşmanı tətbiq etmirlər. Məhz bu amil də işə qəbul prosesində statistik fərqləri ortaya çıxara bilir. BMT-nin hesabatlarında qeyd olunur ki, valideynlər əgər uşaqların cinsinə görə birini digərindən fərqləndirirsə, bu, məişət zorakılığıdır. Bütün insanlar eyni hüquqa malikdirlər və valideynlər bilməlidir ki, qız övladlarına verdikləri təhsil, iş onun gələcək həyatda daha uğurlu və xoşbəxt olmasına gətirib çıxara bilər. O demək deyil ki, siz qızınızı verdinizsə məsələ artıq siz tərəfdən bitir".

Məsələ ilə bağlı danışan deputat Vahid Əhmədov söylədi ki, kifayət qədər işləyən qızlarımız var:

"Bütün özəl şirkətlərdə, dövlət şirkətlərində kifayət qədər təcrübəli qadınlar işləyir. Hətta elə yerlər var ki, orda rəhbərin müavini vəzifəsində və digər vəzifələrdə qadınlar çalışır. Müəyyən qədər say nisbətində fərqli olur, amma mən hesab edirəm ki, yetərli sayda təcrübəli, işləyən xanımlar var. Ola bilər ki, universiteti qurtarmış bəzi qızlar müəyyən testlərdən keçə bilmirlər və sair o problemlər yaşayırlar. Amma dövlət qulluğunda kifayət qədər xanımlar var".

Humay İSGƏNDƏRLİ