"Məktəb təlim-tərbiyə müəssisəsi olduğu halda, niyə tərbiyə təlimdən ayrı düşməlidir?" - Nadir İsrafilov
"Mən dəfələrlə demişəm və bu gün də o qənaətdəyəm ki, təlimə ifrat dərəcədə aludəçiliyimiz müasir dövrümüzdə tərbiyə işini öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meylli vəziyyətə salıb. İş o həddə çatıb ki, bu günümüzdə nəinki, məktəblərdə, hətta məktəbəqədər və məktəbə hazırlıq qruplarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Onun sözlərinə görə, hələ antik filosoflar yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq zərurətini ona çəkiblər, tərbiyənin qayəsinin insanlarda olan qabiliyyətləri inkişaf etdirmək olduğunu vurğulayıblar:
"Qədim Roma filosofu və dövlət xadimi Senekanın “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər. Hələ, sonrakı filosof, pedaqoq və postmodernistləri demirəm. Bəlkə bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var" kimi proqram xarakterli mesajını xatırlayaq...!? Bununla belə, istəsək də, istəməsək də səmimi etiraf etməliyik ki, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.
Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, muzey, teatr və sərgilərim meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir".
Ekspert onu da vurğuladı ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırılıb:
"Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki, təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur. 2006-cı ildə Azərbaycan Respublikasında ümumtəhsil Konsepsiyası (Milli Kurikulum) sənədi qəbul etmişik. Buna müvafiq Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyasını təsdiq etmişik. Kurikulum sənədində xüsusi olaraq vurğulamışıq ki, ənənəvi təhsil proqramlarının bilik yönümlü olmasından fərqli olaraq kurikulumlar şəxsiyyət yönümlüdür. Ağız dolusu səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsildən danışırıq. Nədir, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil? Nədən bilək ki, biz keçən müddət ərzində səriştəli, şəxsiyyətyönlü nəsil yetişdirməklə məşğuluq?
Ümumiyyətlə, şəxsiyyətyönlü səriştəliliyin kriteriyalarını bilən varmı? Neçə illərdir Qiymətləndirmə Konsepsiyasının təkmilləşməsi və yeniləşməsi barədə mülahizələr irəli sürürük. Ancaq, hələ də nailiyyətlərimizi şəxsiyətyönümlülüklə deyil, qazandığımız biliklərlə ölçürük – neçə məzun ali məktəbə daxil olub, neçə məzun nə qədər bal toplayıb və s. Çünki, biliyin ölçüyə gələn meyarları var, şəxsiyətyönümlülüyün yoxdur və bu meyarları hazırlamaq barədə düşünən də yoxdur. Məktəb təlim-tərbiyə müəssisəsidir. Elə isə, “Tərbiyə konsepsiyası” hazırlamaq bu qədərmi çətindir, yoxsa lazımsızdır...?
Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə, habelə məktəblərdə baş verən bəzi xoşagəlməz olayların qarşısını almaqda problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq".
Həmidə İBRAHİMLİ