BDU-nun tələbələrinə 4 aydır ki, təqaüd və tələbə bileti niyə verilmir? - FOTO
Bilirik ki, universitetə qəbul olunan tələbələrə tələbə bileti verilir. Bu biletin hazırlanması bir az zaman aldığı üçün bilet verilənədək tələbələr kiçik bir arayış verilir ki, universitetə daxil olmaq üçün girişdə təqdim etsinlər.
Bu biletləri tələbələrə vaxtında vermək isə universitetin ən birinci borcudur.
Amma Bakı Dövlət Universiteti (BDU) üzərinə düşən vəzifələri yerinə yetirmir.
Redaktor.az xəbər verir ki, bununla bağlı BDU-nun tələbələri sosial şəbəkələrdə yazıblar.
Belə ki, tam 4 aydır ki, universitetin Hüquq fakültəsinin birinci kurs tələblərinə tələbə biletlərini təqdim etmirlər. Maraqlıdır, bu tələbə biletlərinin hazırlanması nə qədər çətin prosesdir? Sevincək, həvəslə universitetə girən tələbələrə bu cür məsuliyyətsiz yanaşmaqla onları universitetdən narazı salırlar. Bir tələbə biletinin verilməsi köklü universitet üçün bu qədərmi çətin prosesdir? Problem o həddə çatıb ki, tələbələr öz haqqları olan tələbə biletləri üçün bütün sosial şəbəkələrdə şikayətlərini yazırlar. Bildirirlər ki, onlara verilmiş kiçik kağız parçası artıq cırıq-cırıq olub, onunla universitetə girməyə utanırlar. Bəs, BDU-nun rəhbərliyi utanırmı?
Bundan başqa, BDU-nun tələbələri təqaüdlərini də ala bilmirlər. Yüksək balla Hüquq fakültəsinə qəbul olmuş tələbələrə 4 aydır ki, təqaüdləri verilmir. Budurmu ən yüksək balla tələbə adını qazanmış gənclərə verilən dəyər?
Humay İSGƏNDƏRLİ