"Getdikcə bütün sahələrdə oğlanlar azalacaq, qızların sayı artacaq" - Deputatdan həyacan TƏBİLİ
Bildyimiz kimi, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlər arasında kəskin fərq var.
Belə ki, 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi müəllimdir. Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi müəllimdir.
Bəs kişi müəllimlərin sayının artrılması üçün hansı addımlar atılmalıdır? Hansı güzəştlərlə onları tədrsi prorsesinə cəlb edə bilərik?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov dedi ki, bu məsələ onu da ciddi bir şəkildə narahat edir:
"Bir neçə dəfə də bu məsələni ictimailəşdirməyə çalışmışam. Ümumiyyətlə, getdikcə Azərbaycanda bütün sahələrdə kişi mütəxəssislərin sayının azalması özünü çox açıq bir şəkildə göstərir. Bunun bir çox səbəbləri var. Bizi ən çox birinci o məsələ düşündürməlidir ki, oğlanların ümumiyyətlə oxumağa, öyrənməyə həvəsi azalır, qızlar isə oğlanlardan daha da fəaldır. Yəni qızların fəal olması çox yaxşıdır. Yəni proses ona gedir ki, təkcə təhsildə deyil, getdikcə bütün sahələrdə oğlanlar azalacaq və qızların sayı artacaq. Hətta hüquq-mühafizə orqanı sistemində və digər sistemdə də bu özünü getdikcə göstərməyə başlayacaq. Bunun səbəbləri ciddi araşdırılmalıdır ki, nə üçün bu belədir. Səbəblərdən biri də valideynlərin oğlanlarını daha çox əzizləməsidir, daha çox ərköyün böyütməsidir. Sosial şəbəkələr, telefonlar, bütün bunlar hamısı bu prosesə çox ciddi şəkildə və bir problem olaraq öz təsirini göstərir. Düşünməliyik ki, bununla bağlı hansı addımları ataq".
Millət vəkili qeyd etdi ki, universitetdə bir kafedrada 25 müəllimin, 22-si qadındır, 3-ü oğlandır:
"Maaşın burada rolu var. Yəni maaşlar bəzən çox aşağı olduğuna görə oğlanların heç biri gedib universitetlərdə, məktəbdə çalışmaq istəmir. Mən bu məsələni parlamentdə də qaldırmışam. Bu gün müəllimlərin maaşı təxminən 700-800-1000, bəzən isə 2000 manat təşkil edir. Kişilər isə daha çox yüksək maaşlı işlərə gedirlər, meyl göstərirlər. Yəni ona görə onlar gedib məktəbdə işləmirlər və düşünürlər ki, daha yüksək maaşa, daha yaxşı iş tapa bilərlər. Getdikcə elmə gələnlərin, dövlət qulluğuna gələnlərin, məktəbdə işləyənlərin sayının azalacağı özünü açıq şəkildə göstərir. Özəl sektorda maaş daha yüksək olduğuna görə, əksəriyyət dövlət sektorunda işləmək istəmir. Yəni hansısa bir kiçik biznes və ya özəl şirkətdə daha yaxşı maaş olduğuna görə ora meyl göstərirlər. Gələcəkdə dövlət qulluğunda çalışmaq istəyənlərin sayı çox azalacaq, o problemi mən görürəm. Hesab edirəm ki, həm məktəblər üçün, həm dövlət qulluqçuları üçün, həm elm sahəsi üçün müəyyən bir motivasiyaedici məsələlər olmalıdır. Misal üçün, evlə bağlı, torpaqla bağlı. Onlarda bu sahəyə maraq yarada biləcək əlavə alətlər fikirləşməliyik. Güzəştli prosesləri daha da inkişaf etdirmək və sürətləndirməliyik ki, kişilərin müəllimliyə marağı yaransın. İndi bölgələrdə çox ciddi müəllim çatışmazlığı var. Bölgələrdə bəzən bir-birinə dəxli olmayan fənnləri bir müəllim tərdris edir" - deyən C.Məmmədovun sözlərinə görə, bölgələrə heç bir müəllim getmək istəmir:
"Hamı Bakıya gəlmək istəyir. Bunların kökləri, səbəbləri ciddi olaraq araşdırmalıdır. Bunun üçün müəyyən məsələlər olmalıdır. Bölgəyə gedən müəllim bir-iki ildən sonra oradan qaçmaq istəyir. Necə edə bilərik ki, həmin müəllim orada qalsın? Müəllimə hansısa güzəştlər olmalıdır ki, həmin bölgədə qalsın. Bu templərlə bizi gələcəkdə çox ciddi çətinliklər gözləyir. Bu çətinlikləri indidən görüb onların həlli istiqamətində addımlar atmalıyıq. Bir neçə il sonra məktəbdə bir dənə kişi müəllim tapa bilməyəcəyik. Dövlət idarələrində, qurumlarında qadınların kişilərdən dəfələrlə çox olduğunu görəcəksiniz. Bədən tərbiyəsi müəlliminin dərsini necə qadın deyə bilər? Misal üçün, məktəbdə heç vaxt kişi ilə ünsiyyətdə olmayan bir oğlan şagird necə bir kişi kimi formalaşa bilər? O, artıq başlayacaq qadınların xüsusiyyətlərini, cəhətini götürməyə. Ona görə burada çox ciddi araşdırma və tədbirlər görülməlidir. Təhsil sistemində ayrıca institut olmalıdır və o institut təhsil sahəsində problemləri ciddi şəkildə araşdırmalıdır. O daha çox məktəblərdəki probelmləri işıqlandırmalıdır. Tanınmış, bilinmiş təhsil ekspertləri vasitəsilə təkliflər və çıxış yolu axtarılmalıdır. Dövlət də o layihələri həyata keçirməlidir".
Humay İSGƏNDƏRLİ