"Bunlar təhsilə kölgə gətirən işlərdir" - Deputat STEAM dərslərindən DANIŞDI
Bildiyimiz kimi, bəzi məktəblərdə STEAM dərsləri keçirilir. Amma valideynlərin bu dərslə bağlı bir şikayəti var. Bildirirlər ki, dərsdə istifadə olunan ləvazimatlərı məktəb təmin etmir. Həmin ləvazimatlar şagirdlərdən tələb olunur, valideynlər də bu haldan narazıdırlar.
Maraqlıdır, hər şagirdin təhsilinə 7 min manat ayrıldığını bildirən Elm və Təhsil Nazirliyi niyə uşaqları bu ləvazimatlarla da təmin etmir?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev məktəblərin STEAM dərsləri üçün ləvazimatları valideynlərə aldırmasını pislədi:
"Valideyn nə üçün sadə texnologiyaları özündə əks etdirən kiçik qurğuları alıb məktəbə verməlidir? Belə bir şey dünyada yoxdur. Valideynə təlqin edirlər ki, gedin filan şeyi alın. Bunu qəti şəkildə pisləyirəm. Düşünürəm ki, bu istiqamətdə əvvəl müəllimlərin hazırlığı həyata keçirilməlidir. Bu dərs elm, texnologiya, mühəndislik, riyaziyyat sözlərinin birləşməsidir. Bu sahədə mütəxxəsislər yetişdirilməlidir. Bu təhsilin müəyyən məqsədləri var. Deməli, əsas məsələlərdən biri izləmək məsələsidir. Məsələn, yeni texnologiyalar necə yaradılır və yeni texnologiyalardan daha yenisini yaratmaq imkanlarını bu fənn vasitəsilə necə əldə etmək olar? Söhbət bu məsələlərdən gedir. Yoxsa nəyisə alıb gətirib hazır şəkildə qoymaq, onu nümayiş etdirmək və yaxud onun bir oxşarını düzəltmək bu dərsə aid deyil. Bunlar təhsilə kölgə gətirən bir işlərdir. Birinci, ilk növbədə bu istiqamətdə müəllimlər olmalıdır".
Millət vəkili əlavə etdi ki, bizim pedaqoji ali məktəblərin məzunlarının STEAM-la məşğul olmaq imkanları çox məhduddur.
Humay İSGƏNDƏRLİ