"Repetitorların etirazının səbəbi gəlirlərinin aşağı düşməsidir, onlar uşaqlara görə narahat deyillər"
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb.
Hər il imtahanların tarixləri valideyn və şagirdlər arasında etirazlara səbəb olur. Onlar bildirir ki, repetitorlar imtahan üçün mövzuları tam keçib qurtara bilmirlər.
Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov dedi ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının vaxtlarını müəyyən edəndə repetitorları nəzərə almır:
"Yəni şagirdlərin və müəllimlərin bu istiqamətdə etirazı ola bilməz. Dövlət İmtahan Mərkəzi məhz tədris proqramını nəzərə alır. Amma bizim hər birimizə məlumdur ki, baxılış və qəbul imtahanlarındakı imtahan nəticələri orta məktəblərin nəticəsi deyil. Uşaqlar imtahanda öz bilik və bacarıqlarıyla yox, yəni məktəbdə əldə etdikləri bilik və bacarıqlarıyla yox, repetitor və hazırlıq kurslarında əldə etdikləri biliklərlə iştirak edirlər. Müəllimlərin narazılığının bir neçə səbəbi var. Birincisi, təbii ki, xarici dili müəllimlərin əksəriyyəti marta qədər bu xidməti göstərəcəklər və növbəti aylarda xidmət göstərə bilməyəcək və gəlirləri aşağı düşəcək. Yəni bu gün də repetitorların etiraz etməsinin səbəbi gəlirlərin aşağı düşməsilə bağlıdır, onlar heç də uşaqlara görə narahat deyillər. Dövlət İmtahan Mərkəzi deyir ki, sən marta qədər nə öyrənmisənsə, gəl səndən onu yoxlayım. Onsuz da müəyyənləşmiş vaxtlarda keçirilən imtahanlarda martdan sonrakı proqramlar yox, hətta yanvara qədərki proqramdan nəzərdə tutulan mövzulardan test tapşırığı təqdim ediləcək. Bu halda uşaqların niyə narazılığına səbəb olmalıdır ki? Yeni keçirilməyən mövzudan sual düşmür. Müəyyən qədər, əslində abituriyentlər üçün və valideynlər üçün yaxşıdır ki, aprelə qədər xərc çəkəcəklər".
Humay İSGƏNDƏRLİ