"O müəllim bilsə ki, əziyyətinin dəyəri veriləcək, daha həvəsli olar"

 17:37 28.12.2023     1681

"Buraxılış və blok imtahanları bir müəllim deyil, bir neçə müəllim tərəfindən yoxlanılır və yekun nəticədə optik oxuyucu, yəni avtomatlaşmış sistem tərəfindən yekun qiymətləndirilir".

Bunu Redaktor.az-a marker müəllimlərin az olması haqqında danışan təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirilib ki, yuxarda sadalanılan proses kifayət qədər zaman alır.

"Biz nəticələrin daha gec çıxmasının tərəfdarı deyilik. Çünki bu, birbaşa insanların istirahət hüququnun əlindən alınmasına gətirib çıxarır. Onlar vaxtında istirahət edə bilmirlər. Hansı ki, üç aylıq tətil dövrünü normal şəkildə istirahət edə bilmirlər. Qeyd edim ki, marker müəllimlərin başlıca şərti ilk növbədə suallarla işləmək və həmin sualların sızmasının qarşısını almaqdır. Bəzi hallarda bir növ məxfiçilik, eyni zamanda sədaqət prinsipi var. Sualların müəyyən müddətə yoxlanılmasına görə Dövlət İmtahan Mərkəzi tərəfindən əməkhaqqı olaraq, qonorar olaraq və yaxud da digər hər hansı bir ad altında verilən məvacibin növləri elə bir formada təklif olunmalıdır ki, orada iştirak edən şəxslər rahat gedib iştirak edə bilsin. O şəxs bilsə ki, yəni ən azından əziyyətinin dəyəri veriləcək, daha həvəsli olar. Belə olduğu halda iştirak etmək istəyənlərin sayında təbii ki, artım görəcəyik. Yaxşı olar ki, təkcə paytaxtda yaşayan müəllimlərlə kifayətlənməsin. Respublikanın müxtəlif bölgələrində istedadlı, bacarıqlı müəllimlər də bu prosesə cəlb olunsun ki, cavablar daha erkən çıxsın. Yoxsa abituriyent bu gün imtahan verir və cavabın çıxması 1 ay çəkir. Nəticələrin gec elan olunması da qəbulolunmaz bir məqamdır. Düşünürəm ki, bu amil mütləq nəzərə alınmalıdır. Yəni ilk növbədə təbii ki, iştirakçılar sədaqətliliyi, məxfiliyi qorumalıdır, ikinci növbədə onlara təyin olunan əməkhaqqı daha düzgün olmalıdır, üçüncü növbədə bütün proseslərə, təkcə paytaxt məktəblərindəki müəllimlərlə kifayətlənməmək, regiondakı müəllimləri də cəlb etmə lazımdır", - deyə E.Əfəndi bildirdi.

Humay İSGƏNDƏRLİ