"Azərbaycan təhsili feminizm istiqamətində yönləndirilir" - Ekspertdən sensasion AÇIQLAMA

 17:49 29.12.2023     410

"Ümumiyyətlə, təkcə ibtidai təhsil pilləsində deyil, həm ibtidai, həm də yuxarı təhsil pillələrində təəssüflər olsun ki, kişilərin say azlığı hər il durmadan artır. Eyni zamanda pedaqoji ixtisaslarda təhsil alan qadınların sayı kişilərin sayı ilə müqayisəolunmaz dərəcədə çoxdur. Yəni kişilər artıq pedaqoji ixtisaslar üzrə getmirlər".

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi məktəblərdə kişi ibtidai sinif müəllimlərinin yoxluğundan danışarkən deyib.

Onun sözlərinə görə, ən acınacaqlı durum ondan ibarətdir ki, artıq ixtisaslarda belə gender bərabərliyi pozulub:

"Təsəvvür edin ki, ibtidai təhsil pilləsində hər hansı bir kişi təhsil alırsa, avtomatik olaraq cəmiyyət tərəfindən həmin şəxsə qarşı bullinqə məruz qoymaq işə düşür. Yəni şiddətə məruz qalır ki, kişi hara, ibtidai təhsil piləsi hara. Sanki ibtidai təhsil ixtisası yalnız qadınlar üçün nəzərdə tutulub. Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında təhsil almaq istəyən kişi artıq yenə də cəmiyyət tərəfindən birmənalı qarşılanmır. İngilis dili müəllimi də o halda. Riyaziyyat müəllimi, fizika müəllimi bu halda deyil. Amma məhz bu üç ixtisasda vəziyyət bu yerdədir. Hətta məktəbəqədər təlim tərbiyə ixtisasında da, yenə də hər hansı bir kişi cinsin nümayəndəsi o ixtisasları yaza bilmir. Təbii ki, cəmiyyətin mövqeyi, eyni zamanda burada əməkhaqqı məsələsi də qabardılır. Düzdür, son dövrlər əmək haqqında kifayət qədər artımlar var, sertifikasiya nəticələrə təsir edir. Öz üzərində işləyən müəllim təxminən 2500 manat əməkhaqqı ala bilər. Orta aylıq əməkhaqqını nəzərdə tutsaq ki, dərs saatları tam ştat əsasında alır, o zaman 500-600 manata qədər olur. Amma məsələ ondan ibarətdir ki, yəni biz kişilərin pedaqoji ixtisaslara qəbul olmalarını təşviq etməliyik. Bunun üçün həvəsləndirici addımlar atmalıyıq ki, onlar həmin ixtisasları seçsinlər. Əməkhaqqı da, təbii ki, tədricən artan temp üzrə baxılmalıdır. Dövlət tərəfindən bu, artıq qəbul olunmalıdır. Bunun artıq fəsadlarını hər birimiz görürük. Yəni çox bərbad bir vəziyyət var. Qız uşaqları, oğlan uşaqları artıq erkən yaşda daha çox nə qəbul edirlərsə, gələcək həyatlarında məhz o xarakter, xüsusiyyət, bilik, bacarıq, onları tədbiq edəcəklər. Biz gətirib həmin uşaqları erkən yaşda konkret olaraq yalnız xanım müəllimlərə veririk. Təsəvvür edin ki, artıq həmin oğlanı da, qızı da getdikcə o xanım xarakterini özündə əks etdirir. Baxırsan, son dövrdə oğlan uşağıdır, amma əl-qol hərəkətləri xanımları yansıdır və yaxud da qız uşaqlarıdır, öz həmcinslərinə qarşı maraqları daha çoxdur. Yəni bax belə bir vəziyyət formalaşıb".

Ekspert onu da vurğuladı ki, artıq indi 5 ildən sonra, 10 ildən sonra ümumiyyətlə, vəziyyət çox acınacaqlı həddə alacaq.

"Yəni bu gün bizim güldüyümüz vəziyyətinin bərbad olduğu, əxlaq səviyyəsinin aşağı olduğu hər hansı bir ölkənin həddinə çata bilər. Yəni o dərəcədə inkişaf belə gedir. Bunun təbii qarşısı alınmalıdır. 28-30 yaşa qədər xanımlar təhsil pillələrində ən üstün yerdədirlər. Ondan yuxarı yaş kateqoriyasında olanlar da artıq kişilərin bir növ təhsildə üstünlükləri var. Məktəbəqədər təlim-tərbiyə prosesində, orta ibtidai təhsil pilləsində, yəni orta və tam orta təhsil müəssisələrində, yüksək yuxarı təhsil pilləsində hamısında bütün əsas aparıcı fənlərdə birbaşa xanımlardır. Təsəvvür ki, bir övladınız var və həmin övladınız erkən məktəbəqədərə gedir, xanımları görür. Məktəbə hazırlıqda, yəni 5 yaşda yenə gedir, xanımlar dərs deyir. İbtidai təhsil yenə də xanımlar olur.  Yuxarı təhsildə yalnız bəziləri ola bilər ki, fiziki tərbiyə və gənclərin çağırışa qədər hazırlığında bir kişi müəllimi qarşısına çıxar. Qalan hər biri xanımlardır. İndi siz təsəvvür edin, o uşaq 11-ci sinifi bitirəndə onun xarakterində sizcə hormonal bir dəyişiklik və yaxud nə bilim digər bir dəyişiklik baş vermirmi? Əlbəttə ki, baş verir. Biz bunu bu günləri görürük. Sosial şəbəkədə video paylaşılıb. Bilmirəm Azərbaycanda çəkilib yoxsa yox. Balaca bir oğlan uşağının o cür oynaması, davranışı, uşağın hərəkətləri, artıq qadına aid xarakterli xüsusiyyətləri özünə yansıdıb. Onu artıq qəbullanıb və onu hiss etdirir. Bu, əlbəttə ki, arzuolunmaz vəziyyətdir. Yəni bu gələcəkdə gender balansının pozulması deməkdir. Ümumiyyətlə, bir növ bəlkə də bu fikrimə görə feministlərin tənqidinə məruz qalacam. Bir növ təhsilin feminizm istiqamətində yönləndirilməsi gedir. Düzdür, kişinin də hüquqları birdir, qadın da hüquqları birdir. Xanımlarımıza hörmətlə yanaşıram. Amma məsələ bu deyil.

Yəni bunu artıq biz qəbul etməliyik ki, maraqlı qüvvələrin ortaya atdığı bu tendensiyanın mütləq qarşısı alınmalıdır. Yəni cəmiyyətin normal sivil vəziyyətə çatması üçün biz mütləq bu qərarı verməliyik. Ən qatı belə radikal mövqesi olan bu istiqamətdə Yaponiyadır. Yaponiyada kişilərin təhsildə olmasına daha çox önəm verilirdi. Son dövrlər düzdür, bir qədər orada artıq qadınların təhsili istiqamətinə meylləri artıb. Amma yenə də onlar müvafiq yaş dövründə, əsasən də erkən yaş dövründə kişi müəllimlərinin təhsilli olmasına çalışırlar. Kişi müəllimlərin təhsildə olmasın da bəziləri düşünürlər, yox, burda kişi müəllimlər olarsa, məsələn, ibtidai təhsil pilləsində qız uşaqlarıdır, onlar ayaqyoluna getmək istəyir, onu necə desinlər? Burda bunu tətbiq etməkdə vallah çətin bir şey yoxdur. Auditoriyada bir qadın, bir kişi də ola bilər, yəni köməkçi vəzifəsini yerinə yetirən. Eyni zamanda son dövrlər pilot layihə kimi “Məktəblinin dostu” layihəsi tətbiq olunub. Hazırda direktorların əksəriyyəti xanımlardır. Xanımlar hər hansı bir məsələdə qayda pozuntusu baş verirsə, orada uşaqları islah edə bilmirlər. Onlar bir növ o idarəetmə məsələsini qoyurlar kənara, məsələyə birbaşa analıq instinkti ilə yanaşırlar. Çünki qadındır da, yəni bu uşağa söz deməyə bir az çəkinir. Bu da əlbəttə, ümumi işin prinsipinə xələl gətirir. Düzdür elə xanım direktorlar, müəllimlər var ki, onlar həqiqətən də idarəetməni düzgün qururlar. Hətta oğlan şagirdlər belə çəkinirlər. Amma bu, barmaqla sayılacaq qədərdir. Amma biz bunu istəmirik. Biz ümumiyyətlə, elə vəziyyət istəyirik ki, burada tam displinli bir rejim olsun, hər şey qayda-qanunla olsun", - deyə E.Əfəndi bildirdi.

Həmidə İBRAHİMLİ