“Sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur”

 11:21 07.01.2024     614

Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır.

Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib.

Nazir sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsirinin olmasını mif adlandırıb.

"Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim cəmiyyətimiz elə qurulub ki, hər şeydən şikayət etmə formatı var.  Biz təhsil sistemində insanlara geniş seçim imkanları yaratmışıq. Dünyanın heç yerində valideyn hansı müəllimin övladına dərs deməsini seçmir. Lakin bizdə valideynlər belə bir seçim edir. Çünki bir neçə il əvvəl bu belə korrupsiya mənbəyi idi. Məhz filan sinifə düşmək problem idi. Bunu aradan qaldırmaq üçün elektron sistemlər qurmuşuq. Həqiqətən də, bu gün müəllimi Elm və Təhsil Nazirliyi, direktor yox, elə valideyn seçir. Bizim 40-dan çox şagirdin təhsil aldığı məktəblərimizin sayı bir neçə yüzdür. 70 neçə min sinifimizdən təkcə bir neçə yüzündə 40-dan çox şagird var. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var".

E.Əmrullayev evə yaxın olan məktəbin daha yaxşı olduğunu söyləyib:

"Mən həmişə demişəm ən yaxşı məktəb evinizə yaxın olandır. 6-7 yaşlı uşağı yaxşı məktəbdir deyə kilometrlərlə uzağa aparmağa dəyməz. Nazirlik, müəllimlər və məktəb olaraq hamımız işləməliyik ki, uşağın evinə yaxın olan  məktəb ona yaxşıdır fikrini qüvvətləndirək. Sertifikasiyadan sonra biz əminliklə "müəllimin uşağa dərs deməyə minimal biliyi var" deyə bilirik. Hansı müəllim daha yaxşıdır, övladımı onun yanına qoyum müəyyən mənada çətin idarə olunan təfəkkür tərzidir. Bir müəllim maksimum 40 şagirdə dərs deyə bilər. Belə olan halda 41-ci adam istəsə də, ora düşə bilmir".