BDU-nun 22 mindən çox tələbəsi böyük sınaq QARŞISINDA

 13:09 07.01.2024     644

Yanvarın 7-dən Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

Redaktor.az xəbər verir ki, BDU-nun Mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçiriləcək.

Bakalavriatura səviyyəsində 937 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 235 ixtisaslaşma üzrə 2014 tələbə imtahan verəcək.

Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Sessiya fevralın 5-dək davam edəcək.