Abituriyentlər və onların valideynləri bu fikirlərə uymasın - Ekspertdən ÇAĞIRIŞ

 09:09 08.01.2024     1030

Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanlarında keçid ballarının aşağı düşəcəyi barədə fikirlər səsləndirilir. 

Redaktor.az mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi ilə danışıb. 

O hesab edir ki, yayılan məlumatlarda çatışmazlıq var:

"Kimsə belə bir informasiya verib ki, ballar aşağı düşəcək. İnformasiyanın verilməsinin özündə çatışmazlıq var. O baxımdan ki, biz bütün ixtisaslar üzrə və yaxud da bütün ixtisas qrupları üzrə keçid ballarının aşağı düşəcəyini indidən deyə bilmərik. Çünki hələ ali təhsil müəssisələrinə ərizə qəbulu olmayıb. Ümumiyyətlə, hansı ixtisas qrupu üzrə neçə abituriyent müraciət edəcək, bu haqda informasiyaya sahib deyilik. Eyni zamanda buraxılış imtahanlarının nəticələri bəlli deyil. Hələ buraxılış imtahanları mart ayında keçiriləcək. Sadəcə ümumi plan yeri dövlət sosial iqtisadi inkişaf proqramını nəzərə alanda dövlət başçısı tərəfindən müvafiq olaraq nəzərdə tutulub ki, ən azı ali təhsil müəssisələrində 2026-cı ilə qədər tələbə qəbul planı 70000, hətta üzərində qeydə alınsın. O nöqteyi nəzərdən builki qəbulun ən azı 60 minə çatdırılması gözlənilir. Bilirik ki, Qarabağ Universiteti yaradılıb və ora ən azından ilkin mərhələdə təxminən 500-ə yaxın yer ayrılmalıdır və bəlkə də çox, bəlkə də az ola bilər. Ondan sonrakı mərhələdə eyni zamanda İtaliya-Azərbaycan Universitetinə qəbul aparıla bilər. Təbii ki, bəzi universitetlərdə mövcud ixtisaslar üzrə plan yerlərinin sayında bir qədər artım, yəni bunların hesabına ümumi plan yeri təxminən 60 minə yaxın olacaq. 2023-cü ildə 57000 plan yeri var idisə, bu il 60000 gözlənilir".

E.Əfəndinin sözlərinə görə, artacaq 3000 plan yerinin olması o demək deyil ki, keçid balları aşağı enəcək:

"Yəni belə bir fikrin formalaşdırılması indidən abituriyentləri bir qədər arxayın salır və nəticə etibarilə hansı ki, bu fikir ortalığa atan şəxslər bir növ öz məqsədlərinə çatmış olurlar. Halbuki indi hələ imtahanların heç biri olmamış, eyni zamanda elektron ərizə qəbulu həyata keçirilməmiş belə bir fikrin ortalığa atılması, fikrimcə, məsələyə doğru yanaşma deyil. Çünki biz deyə bilmərik məsələn, ola bilər ki, birinci ixtisas qrupunda plan yeri çox arta bilər. Bu o deməkdir ki, yalnız birinci qrupda keçid ballarında müəyyən aşağı enmə halları müşahidə edəcəyik. Amma qalan digər qruplarda bu hal yaşanacaqmı? Əlbəttə, xeyr. Onun üçün də, yəni bütün qruplara şamil edib ümumi fikir səsləndirmək, keçid balları aşağı enəcək demək doğru deyil. Yəni, təbii ki, keçid ballarında artırılmış plan yerləri müəyyən qədər təsirsiz ötüşməyəcək. Təsir edəcək. Çünki biri var ki, 60000 qəbul aparıla, bir də var 50000 qəbul aparıla. Hər il ali təhsil müəssisələrinə təxminən ümumi buraxılış imtahanlarında birinci mərhələdə 100 minə yaxın abituriyent iştirak edir. Blok mərhələsində biz hesablayanda təxminən abituriyentlərin sayı hardasa 80-85 min civarında olur. Amma təkcə müsabiqələrdə abituriyent iştirak etmir. Nəzərə almaq lazımdır ki, subbakalavrlar da iştirak edir və biz elə ixtisaslar var ki, orada konkret olaraq subbakalavrların qəbul olunduğunu gördük. Ora abituriyentlərin qəbul olunması artıq mümkün olmur. Yəni o mənada ki, məsələn, 150 bal toplayan abituriyentlər olur. Subbakalavr var ki, onlar yalnız 200 ballıq ixtisasların müsabiqəsində iştirak edə bilirlər, ora subakalavr düşür, abituriyent düşmür. Amma o nöqteyi nəzərdən biz deyə bilmərik ki, keçid balları aşağı enəcək".

Ekspert onu da qeyd etdi ki, keçid balının aşağı enməsi abituriyentə sərf edir, amma subakalavr üçün keçərli deyil:

"Belə amillər var, hansı ki, bu amillərin bəziləri nəzərə almadan sadəcə ortalığa bir fikir atırlar, həm ictimaiyyəti çaşdırırlar, həm abituriyentləri narahat qoyurlar. Bir növ arxayın salırlar və nəticə etibarilə də əlbəttə, arxayın düşmüş abituriyent gedib imtahanda uğurlu nəticə qazana bilmir. Ona görə bu kimi fikirlərə abituriyentləri və onların valideynlərini uymamağa çağırıram. Diqqətli olmaları vacibdir. Qalan müddəti daha ciddi hazırlaşmaq və daha yaxşı nəticə qazanmaq lazımdır. Çünki bu bir marafondur kimi düşünək və marafonda kim təbii ki, daha yaxşı nəticə qazanacaqsa, o da ali təhsil müəssisəsinə qəbul olacaq. Yekun olaraq bir dənə bir fikir üzərində bitirmək istəyirəm: Tutaq ki, Bakı Ali Neft Məktəbi, informasiya təhlükəsizliyi - bu ixtisasda 670-dən aşağı bal formalaşmır. Biz deyə bilmərik ki, keçid balları aşağı düşdü və Bakı Ali Neft Məktəbinə kimsə 400 balla qəbul oldu. Belə bir hal mümkün deyil. Nə də bundan sonra da mümkün olacaq. Yəni keçid balları aşağı enəcək deyən insanlar düşünə bilər ki, hə, onda Bakı Ali Neft Məktəbinə mən düşə bilərəm. 670 neçə bal birdən-birə 400 bala düşəcək. Xeyr, mümkün deyil. Yenə də demək olar ki, eyni bal qüvvəsində qalacaq".

Həmidə İBRAHİMLİ