DABF-dan xaricdə təhsil almaq istəyən gənclərə DƏSTƏK
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (DABF) 2024-cü il üçün nəzərdə tutduğu ilk layihəsinə start verir. Layihənin məqsədi Azərbaycanın davamlı inkişafına fayda verəcək gənclərin dəstəklənməsindən ibarətdir.
DABF-ın Media və Kommunikasiya Departamentindən Redaktor.az-a verilən məlumata görə, Fond istedadlı 10 azərbaycanlı tələbəyə xaricdə təhsil alması üçün müraciət prosesini öz üzərinə götürəcək.
Fondun layihə üzrə öhdəlikləri:
• Namizədlərlə təhsil konsultasiyası;
• Namizədə uyğun universitet və ixtisasların seçilməsi;
• Universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi;
• Qəbulların alınması;
• Tələbələr üçün təqaüdlərin təyin olunması;
• Təqaüdlərə müraciət proseslərinin yerinə yetirilməsi;
• Viza müraciətlərinin edilməsi.
Yuxarıda göstərilən bəndlərin icra xərclərini Fond öz üzərinə götürür.
1-ci mərhələ: Qeydiyyat prosesi 8 yanvar -4 fevral tarixlərini əhatə edəcək. Fondun təhsil layihəsindən faydalanmaq istəyən tələbələr bu tarixlər aralığında aşağıda göstərilən link vasitəsi ilə qeydiyyatdan keçməlidir.
2-ci mərhələ: 8 fevral tarixində müraciət edənlərin arasından akademik göstəriciləri və xarici dil biliklərinə əsasən 20 seçilmiş tələbə elan ediləcək.
3-cü mərhələ: 10-18 fevral tarixlərini əhatə edəcək və müsahibə yolu ilə 20 nəfərin arasından Fondun Təhsil layihəsini qazanan 10 tələbə seçiləcək.
Müsahibə zamanı tələbələrin akademik göstəricilərindən əlavə onların motivasiyası, sosial aktivlikləri, dünya görüşləri kimi faktorlar da əsas götürüləcək. Seçilmiş 10 nəfər dünyanın ən nüfuzlu universitetlərində təqaüdlü təhsil üçün DABF-ın təhsil layihəsindən istifadə edəcəklər.
Müraciət üçün namizədlərdən tələb olunan göstəricilər:
1. Azərbaycan Respublikasının vətandaşı olması;
2. Bakalavr pilləsi üçün müraciət edənlərin akademik göstəriciləri – SAT (Scholastic Aptitude Test) 1300 baldan yuxarı olması;
3. Magistr pilləsi üçün müraciət edənlərin akademik göstəricisi (GPA) – 85 (səksən beş) baldan yuxarı olması;
4. İngilis dili səviyyəsi (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (DUOLINGO, IELTS, TOEFL) malik olması.