"Məktəbdə 45 dəqiqə ərzində 40 şagirdə müəllim vaxt ayıra bilməz" - Ekspert
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur.
Nazir sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsirinin olmasını mif adlandırıb. Əmrullayevin bu açıqlaması geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri, xüsusilə müəllimlər nazirin bu fikrini etirazla qarşılayıblar.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır.
Onun sözlərinə görə, bu məktəblərin 320-si və yaxud da şagird sayına görə 470 minə qədəri paytaxt Bakıdadır:
"Buraxılış və qəbul imtahanları nəticələrinin təhlilində görürük ki, şagird sıxlığı olan məktəblərdə və yaxud da şagird sayı az olan məktəblərdə qəbul və buraxılış imtahanları nəticələrində elə bir ciddi bir fərq yoxdur. Əlbəttə biz bilirik ki, təhsil təkcə öyrətmə funksiyasını yerinə yetirmir. Yəni biz şagirdlərə təkcə biliklər vermirik, həm onlarda bacarıqları formalaşdırırıq, həm də onlara tərbiyə veririk. Yəni məktəb təkcə bilik verən yox, həm də tərbiyə verən bir qurumdur. Nazir tamamilə tədqiqatlara görə haqlıdır ki, şagird sıxlığı olan məktəblərdən az olanlar arasında qəbul imtahanlarında ciddi fərqin olmaması şagird sıxlığının keyfiyyətə təsir göstərmədiyini bilavasitə təsdiq edir. Amma biz bilirik ki, real vəziyyətdə mövcud qaydalara görə, məsələn, sinifdə qanunvericiliyə görə 20 şagird olmalıdır. Nazirlər Kabinetinin 2012-ci il 171 saylı qərarında hər bir şagird başına düşən ərazi var. Yəni bir sinifdə maksimum 24 şagird ola bilər. Dövlətin müəyyən etdiyi sinifdə parta sayı, hər bir şagirdə düşən kvadratmetr ərazi 24-dən artıq uşağın olmasına icazə vermir. Amma Bakıda və bölgələrdə də elə məktəblər var ki, orada 55-56 şagird var. Amma bunu edən kimdir? Bunu edən Azərbaycan vətəndaşıdır. Sistem qəbul etmir. Məsələn, şagird yerdəyişməsi, şagird qəbulu vaxtı sistem 20-də dayanır. Bu və ya digər güzəştlər 24-də nəzərə alınır. Ondan sonra Azərbaycan vətəndaşı bu və ya digər yollar axtarır. Xahiş, minnət, qəbula düşür, ora-bura yazır ki, mənim övladım filan məktəbə getsin. Təsəvvür edin sinifdə yer yoxdur, amma biz özümüz həmin övladımızın bu sinifdə oxumağını istəyirik, başqa sinifdə istəmirik. Sonra da şagird sıxlığından şikayət edirik. Yəni şagird sıxlığı yaradan bizim özümüzük. Mən real olaraq deyə bilərəm ki, bəli, nazir haqlıdır. Buraxılış və qəbul imtahanlarında ciddi fərqi yoxdur".
Ekspertin fikrincə, qəbul və buraxılış imtahanlarının nəticələri məktəblərin nəticələri deyil:
"Bu, hazırlıq kurslarının, repetitorların nəticəsidir. Məktəbdə 45 dəqiqə vaxt ərzində 40 dənə şagirdə müəllim vaxt ayıra bilməz. Onların adını, jurnalı, davamiyyəti yoxlayır, digər məsələlərə vaxt gedir. Bir şagirddən də siz bir dəqiqə ərzində də heç nə soruşa bilməzsiniz. Yəni yoxlama, ölçmənin tətbiq edilməsi üçün ən aşağı bir şagirdə 5 dəqiqə vaxt ayrılmalıdır. Məsələn, xüsusən bu texniki və təbiət fənnlərində. Humanitarı başa düşdük. Frontal sorğu edə bilərsiniz. Və yaxud da digər yoxlama üsullarından istifadə edə bilərsiniz, amma texniki və təbiət fənnlərdə siz bunu edə bilməzsiniz. Məsələn, riyaziyyat, kimya, fizika kimi fənlərdə bir misalı yazanda və yaxud kimyadan bir reaksiyanı yazanda sizin ən azı 5-6 dəqiqə vaxtınız gedir. Məktəb təkcə bilik vermir, tərbiyə də formalaşdırır. Amma siz birmənalı şəkildə bu qədər şagird sıx olan məktəblərdə şagirdlərdə tərbiyə formalaşdıra bilməzsiniz, digər bəzi halları formalaşdıra bilməzsiniz və bu, probleminiz olacaq. Bəli, bilik baxımından mane olmur, amma bacarıqları baxımından mane olur, tərbiyə baxımından sıxlıq təsir göstərir".
Həmidə İBRAHİMLİ