"Sinifdə şagird sayı 12-18 intervalında olarsa, müəllim daha keyfiyyətli dərs keçər" - Nadir İsrafilov
"Bu, nazirin subyektiv fikridir və hər kəsin subyektiv fikrinə hörmətlə yanaşmaq da hər kəsin vətəndaşlıq borcudur. Nazirin fikirlərini ümumi kontekstdə nəzərdən keçirdikdə açıq-aydın görünür ki, onun əsas mesajının mahiyyəti müəllimin hazırlıq səviyyəsidir. O da istisna olunmur ki, nazir belə bir açıqlama verərkən beynəlxalq təcrübəyə əsaslanıb və PİSA üzrə ən yaxşı nəticə göstərən dövlətlərdən olan Çin, Sinqapur, Koreyada siniflərdə şagird sayının 36-45 arası olduğunu da nəzərə alıb".
Bu sözləri Redaktor.az-a açıqlmasında təhsil eksperti Nadir İsrafilov elm və təhsil naziri Emin Əmrullayevin "sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur" fikrini şərh edərkən dedi.
Onun sözlərinə görə, bizdə 40 şagirdi olan siniflər də var, 1 şagirdi və 1 müəllimi olan məktəb də var:
"Sıfır bal toplayan müəllimlərimiz də var, maksimum göstəricilər əldə edən müəlimlərimiz də. 40-45 şagirdi yola verə biləcək peşəkar müəllimlərimiz də var, 15-20 şagirdin öhdəsindən gələ bilməyən səriştəsiz müəllimlərimiz də var. Bu mənada hər hansı bir konkret ümumiləşdirmənin kimlər tərəfindənsə birmənalı qarşılanmaması bu, təbii hal kimi qəbul edilməlidir. Məsələn, götürək elə Sinqapurda bir sinifdə standart olaraq 40 şagirdin təhsil almasını və bunun orada ən yaxşı təhsil sistemi olması ilə əsaslandırılmasını. Kimsə buna qarşı əks arqument gətirə bilər ki, əgər bizim müəllimlərin orta başlanğıc maaşları da ayda 1600-3500 dollar arası dəyişsə və onlar kimi əlavə dərslər və fəaliyyət mükafatları alsaq, biz də 40 şagirdlə məşğul ola bilərik. Və yaxud, kimsə deyə bilər ki, elə bu kimi sərt təhsil sisteminin nəticəsidir ki, Sinqapurda məktəblilərin və tələbələrin psixologiyasında problemlərin artması onların intihara meylliyini ildən-ilə artırır. Ölkədə 10-29 yaşındakıların başlıca ölüm səbəbləri məhz intihardır. Deməyim odur ki, “hansısa ölkədə belədir, bizdə niyə belə deyil" və yaxud "niyə belə olmamalıdır və ya belə olmalıdır” düşüncəsi ilə müqayisə aparmaq və konkret nəticə çıxarmaq o qədər də uğurlu yol sayıla bilməz. Dünyada ən yaxşı təhsil sistemi hesab edilən Finlandiyada uşaqlar 7 yaşından tez məktəbə başlaya bilməz. Elə isə, biz niyə uşaqlarımızı 6 yaşdan məktəbə cəlb edirik, hələ bir altı yaşı gec hesab edərək, məktəb yaşının beş yaşa qədər azaldılmasına çalışırıq? Sual oluna bilər ki, niyə bir sinifdə 20 şagird nəzərdə tutulan Finlandiya modelini deyil, məhz 40 uşaq oturan Sinqapur modelinə üstünlük verməliyik?"
Ekspertin fikrincə, bu kimi misalların sayını dəfələrlə artırmaq olar:
"Mən xarici təcrübənin əleyhinə deyiləm. Əksinə, xarici təcrübəyə istinad etmək olar və lazımdır da. Ancaq onu olduğu kimi köçürmək deyil, öz standartlarımıza uyğunlaşdırılmış şəkildə tətbiq etməliyik. Əks halda gözlədiyimiz nəticəni ala bilməkdə problemlərlə qarşılaşmaq zorunda qalmalı olacağıq. Hər sinifdə 40 şagirdi oturdaq, bəs onda sıxlıqla bağlı sanitar normaları, hər kvadratmetrə düşən şagird sayı ilə bağlı normalara necə əməl edək? Bir də ki, elə fənlər var ki, 40 uşağa tədris etmək olar, elə də fənlər var ki, sinifdə 20 şagirddən artıq olduqda təhsilin keyfiyyətinə təsirsiz ötüşmür.
Yekun nəticəyə gəlsək istər-istəməz “azın az dərdi var, çoxun da ki, çox dərdi” qənaətinə gəlmiş olacağıq. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 12-18 intervalında olarsa, müəllim prosesi tam nəzər diqqətdə saxlaya bilir, daha keyfiyyətli dərs keçir. Bunu elə təcrübə də təsdiq edir. Bir çox özəl liseylər yüksək göstəricilər əldə edirlər, çünki onlarda siniflər əsasən 12-15 şagirddən komplektləşdirilir".
Məktəblərdə şagird sıxlığına gəlincə ekspert bildirdi ki, bu hal heç də respublikanın bütün məktəbləri üçün xarakterik deyil və bu istiqamətdə müəyyən işlər görülür.
"Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarına əsasən dövlət ümumi təhsil müəssisəsində təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. Ümid edək ki, vəziyyətin normallaşdırılması istiqamətdə işlər bundan sonra da davam etdiriləcəkdir", - deyə N.İsrafilov bildirdi.
Həmidə İBRAHİMLİ