"Əgər tədrisin keyfiyyəti şagird sayından asılı olmasaydı, dil dərslərində siniflərin bölünməsi həyata keçirilməzdi"

 09:39 12.01.2024     4668

"Nazir yəqin ki, kəmiyyət yox, keyfiyyət göstəricilərinin önəmli olduğunu vurğulamaq istəyib. Çünki təlim nəticələrində əsas keyfiyyət önəmlidir, fənn tədris edən müəllim önəmlidir. Lakin tədrisin keyfiyyətinə tədrislə əlaqəli bütün faktorlar müsbət və ya mənfi mənada təsir göstərir". 

Bu sözləri Redaktor.az-a açıqlmasında təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli elm və təhsil naziri Emin Əmrullayevin "sinifdə 40 nəfərin təhsil almasının tədrisə mənfi təsiri yoxdur" fikrini şərh edərkən deyib.

Onun fikrincə, uşaq sayı çox olan siniflərdə yüksək keyfiyyət göstəriciləri, şagird sayı az olan siniflərdəki göstəricilərdən fərqlənilir.

"Təbii ki, söhbət peşəkar müəllimin idarə etdiyi siniflərdən gedir. Müasir təhsil sistemi tələbə-şagird yönümlü sistemdir, interaktiv təlim metodlarına əsaslanır, tələbələrin fərdi və qrup şəklində fəaliyyətini təmin edir. Əgər orta məktəblərdə 45 dəqiqlik dərsdirsə, müəllim 40 şagirdə fərdi yanaşmanı, qrup işlərini, şagird mərkəzli təlimləri, qiymətləndirməni, yeni dərsi təqdim etməni və s. məsələləri hansı şəkildə tənzimləyə bilər? Təbii ki, belə olduqda, sadaladığımız nüanslardan biri yaxşı formada təşkil edilirsə, digərlərinin üzərindən keçiləcəkdir, mütləq hansısa istiqamət üzrə çatışmazlıq olacaqdır. Şagirdin mövzunu mənimsəməsinə, müzakirəsinə ayrılan vaxtı önəmlidir. O ki, qaldı 40 nəfərin bir otaqda təhsil almasına, şagird sayının da, onun oturduğu partanın da, tədris infrastrukturunun da, müəllim faktorunun da tədrisə birmənalı olaraq təsiri var. Elə buna görə də, özəl təhsil müəssisələrində siniflərdə şagird sayı azdır. Əgər tədrisin keyfiyyəti şagird sayından asılı olmasaydı, dil dərslərində siniflərin bölünməsi həyata keçirilməzdi. Peşəkar müəllimin bilik-bacarıqları, enerjisi, metodikası bir var 20 nəfərə paylansın, bir var 40 nəfərə. Təbii ki, birinci variantda daha müsbət nəticələr gözlənilir", - deyə V.Ağabəyli vurğuladı.

Həmidə İBRAHİMLİ