"Regionlarda kişilər üçün də, qadınlar üçün də ən yaxşı iş müəllim peşəsidir" - Deputat
"Bu proses uzun illərdir ki, davam edir. Bu, peşə seçimidir və burada artıq cinsindən asılı olmayaraq kimisə məcbur etmək olmaz ki, siz bu peşəni seçin. Yəni əvvəllər əsasən müəllim peşəsini kişilər seçirdilər, xüsusilə elə fənlər var idi ki, həmin fənləri kişilər tədris edirdi. Məsələn, riyaziyyatı, həndəsəni, astronomiyanı, fizikanı, kimyanı və s. İndi dövr dəyişib, əsasən daha çox qadınlar müəllim olmağa üz tuturlar. Bu da geridönməz bir prosesə çevrilib. Yəni, kişi cinsindən olanlar bu peşəni seçmirlər. İndi bizim regionlarda ən yaxşı iş kişilər üçün də, qadınlar üçün də müəllim peşəsidir. Amma yenə regionlarda da qadınlar üstünlük təşkil edirlər. Elə ölkələr var ki, bu sahədə müəyyən ənənələri var. Məsələn, Yaponiyada bütün məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri kişilər olur, kişilər tərbiyəçi olur".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev Azərbaycanda orta məktəblərdə kişi müəllimlərinin azl olmasından danışarkən deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisəsində hər hansı bir kişinin müdir olmağı cəmiyyətdə xeyli təəccüb yarada bilər:
"Sanki elə bilirik ki, bu peşə qadınlara məxsusdur, ancaq bu sterotipləri sındırmaq lazımdır. XXI əsrdir. XXI əsrdə əsasən indi gender bərabərliyini deyirlər. Bu, bizdə gender qeyri-bərabərliyidir. Bizdə elə sahə var, deyirlər ki, burada qadınların sayı azdır. Elə sahə var ki, kişilərin sayı azdır. Bu, artıq təbii bir prosesə çevrilib. Yəni əvvəllər Nazirlər Kabineti müəyyən güzəştlərlə regionlara üz tutan müəllimlərə xeyli stimullaşdırıcı tədbirlər planı hazırladı və həyata keçirildi. Yenə də bu, bir müddət ona effekt vermədi. İndiki situasiyada, yəni 85 faiz qadınların orta məktəbdə müəllim peşəsini təşkil etməsi əlbəttə ki, narahatedici faktordur. Düşünürəm ki, burada yenidən çox ciddi bir proqramın qəbul olunmasına ehtiyac var. Deyirlər ki, burada kişilərə xüsusi güzəştlər olunsun. Bu ayrıseçkilik də bir effekt verməz. İstək olmalıdır. Bu istək o formada olmalıdır ki, müəllimlik insanın qanında olsun. İstər kişidə, istər qadında. Ona görə də indiki situasiya ürəkaçan deyil. Başqa bir fakt deyim: 2023-cü ildə fəlsəfə doktoru elmi dərəcəsini 526 nəfər alıb. Deməli, bunun 126-sı kişi, 400-ü qadındır. Elmdə də qadınların sayı üstünlük təşkil etməyə başlayıb".
Deputatın fikrincə, əvvəllər elmə gələn qadınların sayı çox az olardı:
"Bunu bir az başqa cür dəyərləndirmək olar. Doktorantların təqaüdü çox azdır. Bundan ailə dolandırmaq çox çətindir. Yəni kimlər ki, elmə üz tuturlarsa, həqiqətən də o elm adamı olmaq istəyirsə, xeyir gətirmək istəyirsə, əmək haqqında müəyyən güzəştlər olunmalıdır. Bu, texnologiyaların, elmin inkişafı əsridir. Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq və bu dövrdə alimlərə, müxtəlif sahələr üzrə - dəqiq elmlər üzrə, təbiət elmlər üzrə alim korpusuna çox böyük ehtiyac var. Yəni indiki durumla biz çağırışlara cavab verə bilməyəcəyik. Bunun üçün də müəyyən tədbirlər görülməlidir. Elmli şəxslərə mənzil verilməsi baxımından, sosial vəziyyətinin yaxşılaşdırılması baxımından güzəştlər olunmalıdır ki, insan kapitalı və elmi potensial inkişaf etsin. Amma hər halda biz qadınların orta məktəbdə üstünlük təşkil etməsi ilə bağlı dəfələrlə debatlarda iştirak etmişik. Dəfələrlə çağırışlar olub. Ancaq bu təbii xarakter almaqda davam edir. İndi müəllimlərin əməkhaqqı yaxşılaşıb. Yəni bu iki imtahanın nəticəsindən sonra, diaqnostik qiymətləndirmə və sertifikasiyadan sonra əməkhaqqı artımı var. İndi bank sektoru və yaxud başqa sektorlarda işləyənlərlə əməkhaqqını müqayisə etsinlər. Görəcəklər ki, burada çox cuzi fərq var. Ona görə də kişilərin müəllim peşəsinə qayıtmaları çox vacib məsələdir", - deyə E.Əliyev bildirdi.
Həmidə İBRAHİMLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.