Əcnəbi tələbələr Azərbaycan universitetlərinə axışır - SƏBƏB
Son dövrlər Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı xeyli artıb.
Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bunun səbəbləri barədə danışıb.
Onun sözlərinə görə, burada bir neçə meyar var.
"İlk növbədə təbii ki, illik ödəniş haqqı məsələsi və yataqxana məsələsi var. Yataqxana və illik ödəniş əcnəbi tələbələr üçün əlçatan olduğu zaman onlar Azərbaycanda təhsil almaqda maraqlı olurlar. Bir də universitetlərin özünün bir növ əcnəbi tələbələr üçün təbliğat aparmağı var. Yəni öz universitetlərini təşviq etmək ki, orada təhsil alsınlar. Əsasən bu özəl universitetlərində daha çoxdur. Bəzi dövlət universitetlərində də var. Hazırda biz baxsaq, ümumi əcnəbi tələbələrin sayı demək olar ki, 10000 nəfərə yaxındır. Amma Azərbaycandan təəssüf ki, təhsil üçün çıxan tələbələrin sayı kifayət qədər çoxdur. Yəni burada ağlagəlməz bir rəqəmdir. 30000-40000 mindən yuxarı bizim xaricdə təhsil alan tələbələr var. Əlbəttə, maraqlı səbəbləri dediyim kimi, bu iki fakta əsaslanır. Əsasən Şimali Afrika ölkələrindən, Pakistandan tələbələr var. Qardaş ölkə Türkiyədən tələbələr çoxluq təşkil edir. Yəni bir növ bizim daha çox əməkdaşlıq etdiyimiz ölkələr var ki, onların vətəndaşları bizim ölkə universitetində təhsil alırlar. Mən burada təhsil keyfiyyəti göstəricisini qabarda bilmərəm ki, hə, bizdə təhsil əladır, onun üçün də hər kəs üz tutur".
Ekspertin fikrincə, bizdə təəssüflər olsun ki, barmaqla sayılacaq qədər universitet var.
"Onlar keyfiyyətli deməzdim, amma dünya ölkələrinin qabaqcıl universitetləri ilə müqayisədə keyfiyyətə yaxın bir təhsil təqdim edirlər. Amma məsələn, normal universitetlərimiz var. Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Neft və Sənaye Universiteti, Xəzər Universiteti kimi universitetlərdə əcnəbi tələbələrə rast gələ bilirik. Eyni zamanda da orada təhsil, keyfiyyət göstəricisi digərlərinə nəzərən "daha yaxşıdır" deyə bilirik. Amma bu o demək deyil ki, məsələn, bu universitetlərdə əcnəbi tələbə təhsil alıb, digərlərində yox. Məsələn, elə özəl universitetlər var ki, oradakı əcnəbi tələbələrin sayı digər dövlət universitetlərində təhsil alan əcnəbilərin sayından kifayət qədər çoxdur. Bu onu deməyə əsas verir ki, həmin universitet özü maraqlıdır ki, gedib hardasa öz təbliğatını aparsın, bura əcnəbi tələbələr cəlb eləsin", - deyə E.Əfəndi bildirdi.
Həmidə İBRAHİMLİ