İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olundu
Yanvarın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub. Media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
Redaktor.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, millət vəkillərinin, medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib:
“Tələbələrimiz üçün hər cür şərait yaradılıb. İmtahanların idarə olunması üçün təcrübəli müəllimlərimiz cəlb olunub. ADU-da bir sıra yeni layihələr həyata keçirilməkdədir. Bu baxımdan ictimaiyyətə təqdim olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2023)” kitabı öz məzmun, mövqe və forması ilə diqqəti cəlb edir. Kitabda müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlər öz əksini tapıb".
Ulu öndərin 100 illiyinə həsr olunmuş layihədə 1993-2003-cü illərdə ilk müstəqillik dövründə ölkəmizlə bağlı xarici ölkələrdə yazılan məqalələr tərcümə olunaraq şərhlərlə çap edilib.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova keçirilən tədbirlər və imtahan prosesi haqqında məlumat verib. Bildirilib ki, ADU mətbuatla sıx əlaqə qurur, imtahan prosesinin şəffaflığı və obyektivliyini açıq şəkildə ictimaiyyətə təqdim edir.
ADU-nun Tədris işləri üzrə prorektoru Kifayət Hacıyeva imtahanların keçirilməsi prosesindən, yoxlama işlərinin obyektiv və şəffaf aparılması qaydlarından danışıb. Sessiya normativ sənədlərə uyğun keçirilir, tələbələr öz bilik və bacarıqlarını ən yüksək səviyyədə nümayiş etdirirlər.
Daha sonra KİV nümayəndələri və qonaqlar imtahan cavab kartlarının yoxlanması prosesini izləyiblər.
Qeyd edək ki, yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar üç növbədə - bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan 15:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçiriləcək. Bakalavriatura səviyyəsində 7 minə yaxın tələbə imtahan verəcək.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.