"Hadisənin məktəbin qarşısında baş verməsi heç də məktəbin məsuliyyətini azaltmır"
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.
Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Maraqlıdır, məktəblərdə bu cür hadisələr niyə tez-tez baş verir? Günahkar məktəbdirmi?
Eyni zamanda, valideynlər övladlarından xəbər tutmaq üçün məktəbli yaşda onlara telefon verirlər. Sosial şəbəkə dövrü olduğunu nəzərə alsaq, "Tiktok", "İnstagram" kimi sosial şəbəkələrdə “vor”, kriminal ailəmlə bağlı videolar, mahnılar, meyxanalar yayımlanır. Bunların 15-17 yaşlı məktəblilərin, xüsusi ilə oğlan uşaqlarının üzərində təsiri nə qədərdir?
Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, istintaq-əməliyyat tədbirləri, digər zəruri hərəkətlər başa çatmayanadək, başqa sözlə desək baş verən hadisəyə hüquqi qiymət verilməyənədək, hər hansı bir fikir söyləmək, yanlışlığa yol vermək demək olardı.
Onun sözlərinə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində görülən işlərin nəticəsi hadisənin baş vermə səbəblərinə aydınlıq gətirməlidir:
"Şübəli şəxs kimdir, məktəbli ilə onun arasındakı qanlı olay hansı zəmində baş verib, nəyi bölüşdürə bilməyiblər, məktəbin ərazisi niyə nəzarətdə kənar qalıb və s. Bununla belə, hadisənin məktəbin daxilində deyil, qarşısında baş verməsi heç də məktəbin rolunu və məsuliyyətini azaltmır. Ümumiyyətlə təkcə bu deyil, digər çoxsaylı hadisələri də nəzərə alsaq və belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür, deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bununla belə istəsək də, istəməsək də razılaşmaq məcburiyyətindəyik ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə "ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib".
Ekspertin fikrincə, hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir:
"Məktəblərimizdə zorakılıq hallarına dair xüsusilə yaxın son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətindəyik, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Xüsusilə son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən, sadalamağa ehtiyac olmayan bir çox arzuolunmaz neqativ təzahürlər belə bir qənaətə gəlməyə əsas verir.
Bu kimi məsələlərə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Qloballaşmanın milli dəyərlərdən uzaqlaşma kimi fəsadlarına qarşı mübarizə təkcə məktəbin işi deyil, bütövlükdə cəmiyyətin işidir".
Həmidə İBRAHİMLİ