Şagirdlər AzMİU-nun laboratoriyalarında tədqiqata cəlb olunublar - FOTO
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-riyaziyyat təmayüllü liseyin şagirdləri fizika və kimya fənlərindən qazandıqları bilikləri laboratoriya dərslərində sınaqdan keçiriblər.
Universitetin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, şagirdlər müəllimləri ilə birgə universitetin müasir laboratoriyalarının imkanlarından yararlanıb, faydalı təcrübələr aparıblar.
Fizika laboratoriyasında şagirdlər riyazi rəqqas vasitəsi ilə sərbəstdüşmə təcilinin təyini, elektromaqnit induksiya hadisəsinin öyrənilməsi, şüşənin sındırma əmsalının təyini, səthi gərilmə əmsalının təyini kimi laboratoriya işlərini uğurla icra ediblər. Həmçinin şagirdlər kimya laboratoriyasından yararlanaraq kükürd tozu və dəmir tozunun maqnitlə cəzb olunaraq ayrılması, oksidləşmə-reduksiya reaksiyaları, elektroliz və hidroliz proseslərinin gedişini və başqa reaksiyalarını təcrübədən keçiriblər.
Qeyd edək ki, AzMİU-nun nəzdində Fizika-riyaziyyat təmayüllü liseyin şagirdlərinə universitetin professor-müəllim heyəti tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda mütəmadi olaraq dərslər keçirilir. Lisey öz şagirdlərinə qazandıqları bilikləri laboratoriya dərsləri və praktiki işlərlə möhkəmləndirməyə şərait yaradaraq, nəzəri dərslərin mənimsənilməsini asanlaşdırır.