Təhsil üçün Azərbaycandan Avropaya gedənlərə viza verilməyəcək? - AÇIQLAMA

 17:00 29.01.2024     728

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Öz növbəsində Azərbaycan nümayəndə heyəti etiraz olaraq AŞPA ilə əməkdaşlığı dayandırıb. 

Bu qurumla yaranan soyuqluq Avropa ölkələrinə getmək istəyən insanları narahat etməyə başlayıb. Belə ki, sosial şəbəkələrdə xaricdə təhsil almaq məqsədilə Avropa ölkələrinə getmək, viza almağın çətinləşəcəyi ilə bağlı müzakirələr gedir.

Bəs, müzakirə olunanlar reallığı nə qədər əks etdirir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki,  bu, siyasi qərardır.

Onun sözlərinə görə, dünyada elə ölkələr var ki, siyasi olaraq bütün dövlətlər tərəfindən tanınmayıblar, amma orada digər hüquqlar təmin olunur:

"Məsələn, Şimali Kipr Türk Cümhuriyyəti, onun universitetləri var. Amma siyasi baxımdan dünyada tanınmırlar. Azərbaycan tələbələrinin xaricdə təhsili ilə bağlı Avropa Şurasının qəbul etdiyi qərarlar heç bir məhdudiyyət tətbiq etməyəcək. Bu, siyasi qərardır. Ən yuxarı halda dövlət məmurlarına, hökumət nümayəndələrinə müəyyən qədər sanksiyalar tətbiq oluna bilər. Amma xarici ölkələrdə təhsil almağa gedən gənclərin heç bir halda təhsil almaq hüquqları məhdudlaşdırılmayacaq və bu, nəzərdə tutulmur. Beynəlxalq konvensiya var. Azərbaycan vətəndaşları da bu konvensiyaya dövlət tərəfindən qoşulublar. Yəni beynəlxalq konvensiyanın tələblərinə görə, vətəndaşların təhsil almaq hüquqları heç bir halda məhdudlaşdırılmır. Yəni onların təhsil, istirahət, hüquqi yardım almaq hüquqları heç bir halda məhdudlaşdırıla bilməz.

Ona görə də istər dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanlar, istər öz vəsaiti ilə xarici ölkələrdə təhsil alanların təhsili ilə bağlı heç bir problem nəzərdə tutulmur və gözlənilmir. Hətta Rusiya-Ukrayna müharibəsində də biz bunu gördük. Rusiya bir sıra beynəlxalq təşkilatlardan çıxarıldı, amma onun xarici ölkələrdə təhsil alan vətəndaşlarına problem yaranmadı və biz bunu hətta Belarusla bağlı da görmüşük. Siyasi proseslər fonunda siyasi şəxslərlə bağlı müəyyən embarqolar, müəyyən məhdudiyyətlər və sanksiyaları nəzərdə tutur. Amma insanların, məsələn, sağlamlıqla bağlı hansısa Avropa ölkəsinə müalicəyə getməsi, istirahətə getməsi, təhsil üçün getməsi heç bir halda məhdudlaşdırılmır və gözlənilmir. Çox təəssüf ki, bir çoxları belə halların olması ilə bağlı yanlış şərh verirlər. Amma birmənalı şəkildə belə bir hal yoxdur".

Həmidə İBRAHİMLİ