"Repetitorluq lisenziyalaşdırılmalıdır və vergiyə cəlb olunmalıdır" - Təhsil eksperti
"Azərbaycanda təəssüflər olsun ki, orta ümumtəhsil məktəblərində keyfiyyətli tədris təşkil olunmadığına, dərslər yaxşı olmadığına görə valideynlər övladlarını hazırlıq kurslarına, repetitor yanına göndərirlər. Hər kəs bilməlidir ki, əgər kimsə gəlir əldə edirsə, o gəlirinə görə mütləq şəkildə vergi ödəməlidir. Repetitorluq hər hansı bir imtiyaz deyil, hər hansı bir üstünlük də deyil. Əgər küçədə belə deyək ki, paltar satışı ilə məşğul olan da gəlir əldə edirsə, bunlar da vaxtlarını beynindən satırlar və gəlir əldə edirlər".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov repetitor müəllimlərin vergiyə cəlb olunub-olunmayacağını şərh edərkən deyib.
Onun fikrincə, repetitorluq fəaliyyəti lisenziyalaşdırmalıdır:
"O insanlar repetitor fəaliyyəti ilə məşğul olmalıdır ki, onların məkanları dərs keçmək üçün təhlükəsiz mühitdir və həmin şəxslərin bilik və bacarıqları var ki, bu xidməti göstərsinlər. Misal üçün, taksi fəaliyyəti göstərən insanların özlərinin maşınları var, sürücülük vəsiqələri var, taksi fəaliyyəti göstərmək üçün uyğundur və onlara fəaliyyət lisenziyası verilir, insanlara xidmət göstərirlər. Xidmətə görə vergi ödəyirlər. Hazırlıqda biz bilmirik insanlar zirzəmidə dərs keçir, yoxsa evində dərs keçir? Dərs keçilən mühit nə qədər dərs keçmək üçün uyğundur? Həmin şəxsin repetitor fəaliyyəti ilə bağlı ali təhsili varmı, bilik və bacarıqları varmı? Buna görə də mütləq şəkildə repetitorluq lisenziyalaşdırılmalıdır və təbii ki, bunun fonunda da vergiyə cəlb olunmalıdır. İkincisi, bəli, qiyməti qaldırıblar. Çox təəssüflər olsun ki, hazırda xüsusən üçüncü qrupda coğrafiya fənni, birinci qrupda informatika fənninin əlavə olunması valideynlərin aylıq ödənişlərinə kifayət qədər əlavə vəsaitlərlə nəticələnib. Bu, yaxşı hal deyil. Çünki Azərbaycan insanının gəlirləri artmayıb. Hesab edirəm ki, bu, doğru yanaşma tərzi deyil".
Həmidə İBRAHİMLİ