AŞPA böhranının Avropaya viza alınmasına heç bir mənfi təsiri olmayacaq - Deputatdan AÇIQLAMA
"Bu, ümumiyyətlə, çox yanlış təsəvvürdür. Mən düşünürəm ki, qəsdən belə bir informasiya yayırlar. Yəni bilirsiniz ki, bizim Avropa İttifaqı və digər Avropa dövlətləri ilə strateji dostluq münasibətlərimiz var və hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində aktiv iştirak edir".
Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Naqif Həmzəyev son günlər sosial şəbəklərdə müzakirə olunan Azərbaycanın AŞPA ilə əməkdaşlığını dayandırması və bununla xaricə təhsil almaq üçün gedən vətəndaşların viza ilə bağlı problem yaşayacağını şərh edərkən deyib.
Onun sözlərinə görə, bizim ixracımız və eyni zamanda Avropadan aldığımız məhsullar var:
"Bir sözlə, ticarət dövriyyəsi mövcuddur və bu, durmadan da inkişaf etməkdədir. Yəni bunun Avropa Şurası Parlament Assambleyasında yaranmış böhranın Avropa İttifaqına daxil olan dövlətlərlə Azərbaycan arasındakı münasibətlərə və xüsusilə də vətəndaşların viza almasına, vətəndaşların təhsil almasına və yaxud vətəndaşların biznes fəaliyyətini davam etdirməsinə heç bir ziyanı dəyməyəcəkdir. Və biz ümid edirik ki, Avropa Şurası Parlament Assambleyası ilə bağlı mövcud narazılıqlar, zamanı gəldikdə aradan qaldırılacaqdır. Ancaq bunu bir daha qeyd edirəm ki, viza alınmasına və digər prosedurlara heç bir mənfi təsiri olmayacaq. Əvvəl onsuz da xüsusi qaydalar əsasında biz viza ala bilirdik. Təhsillə bağlı, bilirsiniz ki, həm Azərbaycan dövlətinin xüsusi dövlət proqramı var, həmçinin də Avropa İttifaqının bir çox təqaüd proqramları var ki, Azərbaycan vətəndaşları müvafiq imtahanları rahatlıqla verib və o təqaüdləri qazana bilirlər. Və mən düşünürəm ki, bu proses davam edəcəkdir və bununla əlaqədar heç bir problem mövcud deyil. Hazırda bununla bağlı hər hansı bir rəsmi açıqlama da yoxdur ki, biz ona istinadən hansısa fikir irəli sürək. Mən düşünürəm ki, bu barədə heç bir problemlə üzləşməyəcəyik".
Həmidə İBRAHİMLİ