"Bu hal dövlət məktəblərinin bağlanmasına gətirib çıxaracaq" - AÇIQLAMA

 17:22 01.02.2024     1005

Məlum olduğu kimi, ölkədə özəl məktəblərə maraq dövlət məktəblərindən daha çoxdur. Ödənişli məktəblərdə təhsilin keyfiyyətinin daha yüksək olmasını əsas gətirərək valideynlər övladlarının orada təhsil alması üçün sözün əsil mənasında dəridən-qabıqdan çıxırlar. Pulsuz təhsil verən dövlət məktəbləri artıq əhalinin bir hissəsi üçün maraq kəsb etmir. Lakin hər kəsin də övladını özəl məktəbdə oxutmağa maliyə gücü çatmır. 

Bəs, özəl və dövlət məktəblərindəki fərq nədədir? Pullu olduğu üçün özəl məktəblərdə təhsilin keyfiyyəti dahamı yüksəkdir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, dövlət məktəblərinin pulsuz görməli olduğu işi, özəl məktəblər görürlər:

"Özəl məktəblər xüsusi idarə etməsi olan bir sistemdir. Əlbəttə bu gün qeyri-dövlət ümumtəhsil məktəblərini özəl adlandırırıq, bunlar kommersiya qurumlarıdır. Bir çox hallarda xidmət keyfiyyətini yüksəltmək, insanları cəlb etməkdən ötrü mütləq şəkildə xitmətlər göstərirlər. Valideynlər fikirləşirlər ki, onsuz da orta ümumtəhsil məktəblərinə göndərdiyimiz uşaqları, repetitor yanına da göndəririk, kursa göndəririk və yol pulu xərcləyiriksə, elə birbaşa özəl məktəbə göndərmək yaxşıdır. Bu gün rəqəmlərə baxanda görürük ki, son illərdə özəl məktəblərin sayı artıb. Ölkədə 4432 dövlət məktəbi varsa, artıq 51-dən çox özəl məktəb və onun filialları var. Onlardan 31-nin fəaliyyəti daha çox nəzərə çarpır və əksəriyyəti Bakının payına düşür.

Eyni zamanda özəl məktəblərdə vahid mərkəz yaradılıb, valideynlər dərs mühitini izləyə bilir, təhlükəsiz mühit var. Məhz cəlbedicilik səbəbi də bunlardır.  Halbuki "Təhsil haqqında" qanunda və digər normativ hüquqi aktlarda eyni özəl məktəbdə göstərilən xidmətlər, yaradılan şərait dövlət məktəbində yaradılmalıdır və bu, hər kəsin təhsil almaq hüququdur. Çox təəssüf ki, bu istiqamətdə boşluqları görə bilirik. Dövlət məktəblərində hər 14 şagirdə bir müəllim düşür. Özəl məktəblərdə hər 6 şagirdə bir müəllim düşür. Dövlət məktəblərində hər bir şagirdə düşən boş ərazi bir kvadratdır. Özəl məktəblərdə bu rəqəm altı kvadratdır, yəni, daha rahat mühit, daha işıqlı, daha təhlükəsiz şəraiti, infrastrukturu, həmçinin müəllim seçimləri, müəllimin tələbləri tamam fərqlidir. Məhz bu amillər özəl məktəblərə meyli də artırır".

Ekspert vurğuladı ki, əslində özəl sektorun olmağının problemi yoxdur, rəqabət mühiti yaradır:

"Sadəcə olaraq özəl məktəb maddi imkanı olmayan şəxslərin müəyyən qədər təhsil almaq hüququnu tapdalaya bilər. Dünyanın bütün ölkələrində bu rəqabət mühiti var. Yəni dövlət artıq vəsait sərf etmir, amma özünün təhsil siyasətini həyata keçirə bilir. Bu, dövlətin yükünü azaltmaqdır. Amma hansı ki, valideynlərin  maddi vəziyyəti aşağıdır, onların övladlarının təhsil almaq hüququna təsir göstərə bilər. Amma bütövlükdə bu çox yaxşı bir haldır. Yəni rəqabət mühiti yaradır. Türkiyədə əvvəllər dövlət məktəblərinə hər bölgədən 80 uşaq gedirdi, amma artıq 60 uşaq gedir. Dövlət məktəbləri uduzurlar, özəl məktəblərə meyllənmə çoxdur. Azərbaycanda da artıq özəl məktəblərə meyllənmələr çox olur. Əgər dövlət məktəblərinə uşaqlar getməyəcəksə, o zaman özəl məktəblərə keçəcəklər. Bu da dövlət məktəblərinin bağlanmasına gətirib çıxaracaq. Artıq dövlət məktəbləri də yaxşı xidmət göstərməyə, keyfiyyətli təhsil verməyə maraqlı olacaq".

Humay İSGƏNDƏRLİ