İngilis dilini yaxşı öyrədən kurs və ya müəllimi necə tapaq?

 17:34 08.02.2024     1432

Hazırda paytaxtda yüzlərlə ingilis dili öyrədən kurslar var. Ancaq vətəndaşlar bu kurslardan razı deyillər, yüksək səviyyədə reklam olunan kurslardan belə narazılıqlar var. Hər kəs ingilis dilində yaxşı danışmaq üçün kurs axtarır, amma tapa bilmir. Vəd edilən vaxt ərzində dil öyrədilmir, kurs vaxtı uzadır.

Buna gətirib çıxaran səbəblər nədir? İnsanlar yaxşı dil öyrədən kursu, müəllimi necə tapsın? Bu qədər kursa nə qədər ehtiyac var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Fizika Riyaziyyat İnformatika Liseyinin ingilis dili müəllimi Günel Cəfərova dedi ki, ehtiyac olmasa çox kurs olma:

"Yəni belə deyək də, qazanmasalar işlətmək də mümkün deyil. Bu dəqiqə ofislərdə aylıqlar çox bahadır. Yaxşı da kurslarımız var. Amma bəyəndiyim hazırlıq kursumuz yoxdur. 8-11-ci sinf arası uşaqları hazırlaşdıran kursları bəyənmirəm, çünki orada çox az vaxt verilir. Belə deyək də, dərsin vaxtı da az olur, iqtisadi yönümlüdürlər. Orada uşaq zəif nəticə göstərsə də, uşağı kursda saxlamaq üçün min bəhanələr gətirilir. Amma dil kurslarını bəyənirəm. Yəni yüksək səviyyəli dil kurslarımız var. Uşaqlara dili öyrətmək üçün fəaliyyət göstərirlər və savadlı müəllimlər çalışır. Dil öyrədən kursları bəyənirəm, amma ümumi hazırlıq kurslarını yox".

Mövzu barədə saytımıza danışan təhsil eksperti Vüsalə Ağabəyli isə dedi ki, səbəblər çoxdur:

"Əsas səbəb odur ki, ingilis dilinə böyük tələbat var və bu təlabatdan kurslar sui-istifadə edir. Bəzi klinikalarda sertifikatla özlərini həkim adlandırıb fəaliyyət göstərənlər kimi, bir çox kurslarda da 1-2 sertifikatla ingilis dili müəllimi kimi çalışırlar. Dövlət sektorlarında bu məsələlər ciddi şəkildə araşdırılır, ixtisasa uyğun peşə sahələri yoxlanılır. Təəssüf ki, kursların fəaliyyəti ilə bağlı bu cür dərin araşdırmalar həyata keçirilmir. Əksər tələbələr və qeyri-ixtisas sahibləri də kurslarda ingilis dili müəllimi kimi çalışır. Təbii ki, işləmək və təcrübə qazanmaq çox yaxşı bir şeydir. Lakin kiminsə taleyi və gələcəyi üzərində təcrübələr aparmaq, həm də bunun müqabilində maddi ziyan vurmaq heç də xoşagələn hal deyil. İstənilən halda əksər kurslar müqavilə imzalayır, müqavilə şərtlərinə baxılmalı və yaranan problemlərin həllinə hüquqi müstəvidə çalışılmalıdır. Digər tərəfdən də kursa yazılmadan öncə müəllimlərin portfoliosu ilə də tanış olmaq lazımdır".

Humay İSGƏNDƏRLİ