Türkiyə-Azərbaycan Universiteti dünya çapına çıxa biləcək bir universitet olacaq

 16:26 21.02.2024     790

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri  baş tutub.

Səfər zamanı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşü keçirilib. Eyni zamanda Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair, hərbi sahədə və digər sahələr üzrə sənədlər imzalanıb. 

Türkiyə-Azərbaycan münasibətləri haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı dedi ki, İlham Əliyevin prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsinin dərin mənası var:

"Bu onu göstərir ki, dövlətimizin xarici siyasətində Türkiyə ilə münasibətlər üstün istiqamətdir. Səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər qarşılıqlı münasibətləri dərinləşdirir. Hər şeydən əvvəl müdafiə, hərbi sənaye kompleksi və təhsil sahəsində əməkdaşlıq daha da dərinləşdiriləcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, təhsil sahəsində əməkdaşlıqda yeni keyfiyyət mərhələsinin açılmasıdır. Ölkələrimiz arasında münasibətlər türk dövlətlərinə də təsir edəcək. Türk dünyası cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, beynəlxalq münasibətlərdə vacib aktora çevriləcək".

Yaradılacaq Türkiyə-Azərbaycan Universiteti ilə bağlı danışan Millət Məclisin deputatı Etibar Əliyev bildirdi ki, bu, çox möhtəşəm bir layihədir.

"Türkiyənin universitet təcrübəsi çox böyükdür. Türkiyənin universitetləri dünyanın tanınmış universitetlərində yer alıb. Türkiyə universitetlərində çox böyük təcrübə, çox böyük laboratoriya sistemi, əlaqələr, kampuslar, eyni zamanda universitetlərdə keyfiyyətli təhsil mühiti formalaşdırılır. Yəni Türkiyənin inkişafında əsas amillərdən biri məhz qabaqcıl universitetlərin olmasıdır. Bu baxımdan həmin təcrübə düşünürəm ki, Azərbaycana da gətiriləcək və Türkiyə-Azərbaycan Universiteti çox qısa zaman kəsiyində, istər regionda, istərsə də dünya çapına çıxa biləcək bir universitet olacaq. Buradakı ixtisaslar birbaşa çox böyük ehtiyacımız olan ixtisaslar olmalıdır. Texnoloji ixtisaslara geniş yer verilməlidir. Təbiət elmlərinə aid olan ixtisaslara xüsusi yer verilməlidir. Hesab edirəm ki, bu universitetdə İT, logistika, tətbiqi fizika, kosmik tədqiqatlar kimi sahələrə ehtiyac var. Digər tərəfdən kibertəhlükəsizlik sahəsində olan ixtisaslara yer veriləcəksə, əlbəttə ki, bu, istər bizim üçün, istərsə də qardaş Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edəcək. İndi dünyada Dördüncü Sənaye İnqilabı dövrüdür və bu inqilabın cəmiyyətlərdən tələbatı var. Müəyyən ixtisaslar var ki, onlar, məhz Dördüncü Sənaye İnqilabının ixtisaslarıdır. Həmin ixtisasların da bu universitetdə yaradılması fərqli bir ab-hava, fərqli bir mütəxəssis hazırlığı yaradacaq. Hesab edirəm ki, gələcəkdə də məhz bu universitetdə yetişən məzunlar özləri üçün iş düzəldə biləcəklər, iş tapa biləcəklər. Bu gün ölkə olaraq, iki qardaş xalq olaraq Dördüncü Sənaye İnqilabının önündə getməliyik və sənaye inqilabının məhz "drayver"i universitetlərdir. Cənab prezidentin söylədiyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Bu universitetin yaradılması cənab prezidentin söylədiyi həmin bu paradiqmanın təsdiqinə çox mühüm bir nümunədir".

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2