"Bunu ört-basdır etməyə çalışırlar" - Deputatdan biabırçı video ilə bağlı AÇIQLAMA

 17:50 21.02.2024     722

Xəbər verdiyimiz kimiBakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Məktəbli qız yeniyetmə qızın başına yumurta çırpıb, saçını kəsib və digər bullinq hərəkətləri edib. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olub. Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Bu məsələ də cəmiyyət arasında fikirlər ikiyə bölünüb. Bəziləri valideynləri, bəziləri isə məktəbi qınayır. Amma valideynləri qınayanların sayı daha çoxdur. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev dedi ki, burada bütün məsuliyyəti valideynlərin üzərinə atmaqla, ictimai rəyi çaşdırırlar:

"Bu əslində istiqamətlənmiş, təlimatlandırılmış fikirlərdir. Məktəbin özünün funksiyaları var. Məktəbin əsas funksiyalarından biri tərbiyə funksiyasıdr. Müəllimlə valideynlər arasında mütəmadi ünsiyyət olmalıdır, valideynin övladı özünü yaxşı aparmırsa, müəllim valideynə, direktora xəbərdarlıq etməlidir. Bunun kökündə başqa bir məsələ durur və bunu ört-basdır etməyə çalışırlar. Sevinirlər ki, bu hadisə məktbədən kənarda olub. Bunu məktəblilər edib, istər məktəbin daxilində olsun, istər kənarda olsun. Uşaqlar nə üçün məktəbdə deyillər? Dərslərə davamiyyət 30 faizdən aşağıdır. Əgər yuxarı sinif şagirdləri dərsdə deyillərsə, onlar məktəb mühitində deyillərsə, demək onların davranışlarını nəzarətə götürmək bir qədər çətinləşir. Bax, budur söhbətin kökündə dayanan problem. Konkret olaraq ölkədə bütün spektr üzrə valideynlərin spektrinə baxsaq, bütün valideynlər ali təhsilli deyillər axı. Orta təhsilli valideynlər də var, övladlarını məktəbə etibar edirlər. Məsələn, mən bir nümunə gətirim. Neft və Sənaye Universitetində yüzlərlə tələbə oğru dünyasından olan bir nəfərə xorla mahnı oxuyurdu. Valideyn övladını ali məktəbə göndərib ki, ona "vorzakon" mahnısı oxutsunlar? İstər tələbə olsun, istər şagird olsun məktəb və universitetin rolu böyükdür".

Millət vəkili hesab edir ki, orta məktəblər şagirdlərin tərbiyəsində önəmli rol oynamalıdır.

"Bu hadisədə böyük məsuliyyət məktəbin üzərinə düşür. Məktəb özünün tərbiyəvi funksiyasını geriyə çəkib. Çünki uşaqlar məktəbdə yoxdur. Bu cür xətti təfəkkürlə məsələlərə yanaşmaq doğru deyil. Hər bir müəllim özünü elə aparmalıdır ki, şagird özünü ona bənzətsin. Müəllimin xarakteri tədris etdiyi fənndən şagirdə keçməlidir. Məktəb direktorlarının böyük kəsimi məktəbi bilmirlər. Məktəbi bilmək lazımdır, tərbiyə prosesini bilmək lazımdır. Uşaq psixologiyası həddindən artıq həssasdır, kövrəkdir və əllərində olan bugünkü telefonlar da psixologiyaya təsir göstərir", - deyə Etibar Əliyev bildirdi.

Humay İSGƏNDƏRLİ