"Məktəblərdə yığılan pul məsələləri artdıqca, valideynlərin məktəbə inamı qalmayıb" - Vüsalə Ağabəyli

 17:15 22.02.2024     1379

Xəbər verdiyimiz kimiBakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Məktəbli qız yeniyetmə qızın başına yumurta çırpıb, saçını kəsib və digər bullinq hərəkətləri edib. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olub. Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Bu məsələ də cəmiyyət arasında fikirlər ikiyə bölünüb. Bəziləri valideynləri, bəziləri isə məktəbi qınayır. Saytımıza açıqlama verən Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri - deputatlar Ceyhun Məmmədovla Etibar Əliyev də hesab edirlər ki, şagirdlər arasındakı bu cür hadisələrə görə məktəblərin məsuliyyəti çoxdur. Çünki məktəb təlim-tərbiyə ocağıdır.

Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli isə Redaktor.az-a açıqlamasında öncə qeyd etdi ki, cəmiyyət dərhal kinini qusmağa sanki bir bəhanə axtarır. Onun sözlərinə görə, bəzən hadisələrin mahiyyətinə belə varmadan kütlə psixologiyası ilə bir nəfərin üstünə düşürlər.

""Niyəni" təxminən bilirik. Son günlərdə baş verən hadisələrə dönsək, qeyd etmək istəyirəm ki, övladın tərbiyəsində, formalaşmasında ilk və əvəzsiz formada ailənin rolu böyükdür. Ailənin üzvləri, ata-ana arasındakı münasibətlər, valideynlərin uşaqlara qarşı rəftarı, valideynlərin ətrafdakılara olan münasibəti və davranışı uşaqlara ayrılan vaxtlar və genetik faktor onların yetişməsində xüsusi rol oynayır. Əgər uşaqların tərbiyəsi tam olaraq məktəbdən asılı olsaydı, o zaman eyni məktəbin və eyni sinfin şagirdləri inkubator kimi tam eyni olardılar. Mən demirəm ki, uşağın formalaşmasında məktəb rol oynamır. Məktəbin, məktəbdəki mühitin, xüsusilə də, müəllim faktorunun da önəmi mühümdür. Məktəb həm təlim, həm də tərbiyə verir. Lakin son dövrlər məktəblər niyə belə qınaq obyektinə çevrilib? Bayaqkı "niyəni" açıqlayaq. Çünki məktəb və müəllim öz rolunu və funksiyasını itirməyə başlayıb. Valideyn uşağın tərbiyəsi ilə məşğul olur, maddi vəsait hesabına repetitor yanına göndərib təlimini də təşkil edirsə, məktəbin ən önəmli iki funksiyası yerinə yetirilmiş olur. Bu gün məktəblər birmənalı şəkildə şagirdləri buraxılış imtahanlarına hazırlaya bilmədikləri kimi, cəmiyyətə də hazırlaya bilmirlər. Şagirdlərə olan ayrı-seçki münasibətlər, tərbiyənin yalnız qışqırıb, qorxudub cəza verməkdən ibarət olduğunu düşünənlər, yalnız pul yığmaq, qeyri-peşəkar işlərdə təşkilatçılıq məsələri məktəbləri gözdən salan önəmli faktorlardur". 

Ekspert şagird yetişdirməkdə məktəbin rolunun niyə azalması barədə sualı da cavablandırdı.

"Çünki uşağın gələcəyini düşünən, ona doğma övlad kimi yanaşan, onun məhz yetişməsi üçün səy göstərən müəllimlər də azalıb. Məktəblərdə yığılan pul məsələləri artdıqca, repetitorların fəaliyyətinin önəmi böyüdükcə valideynlərin məktəbə inamı qalmayıb. Lakin yenə də vurğulamaq istəyirəm, uşağın yetişməsində ailənin rolu çox önəmlidir. Bəli, uşağın formalaşmasında sosial mühit də önəmlidir, amma həmin mühitə düşən və ailədən gələn "toxum" daha önəmlidir. Məktəbin yanlış tərbiyəsi şagirdin öncədən var olan aqressiyasını daha da artıra bilər, özünəqapanmasını daha da dərinləşdirə bilər, çəkincənliyini, uğursuzluğunu, bacarıqsızlığını daha da kəskinləşdirə bilər. Yəni öncədən artıq var olan xarakteri yanlış yanaşma daha da pis istiqamətə çevirə bilər. Çox şahidi oluruq ki, valideynlər tərəfindən özbaşına buraxılan şagirdlər var, yekəxanalığı özgüvənlə səhv salan və övladına aşılayan valideynlər var, "sənə söz deyənin ağzından vur", "bu kişidir, yumruğunu vurmağı bacarmalıdır" deyən valideynlər, evdə bütün söyüş, dava, təhqir eşidən və ya tam laqeyd münasibət görən uşaqların sayəsində normal məktəb mühiti də pozulub", - deyə Vüsalə Ağabəyli qeyd etdi.

Humay İSGƏNDƏRLİ