Türkiyə-Azərbaycan Universitetində tədris bu dillərdə olacaq - Nazir müşaviri AÇIQLADI

 17:08 23.02.2024     960

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Bəs, universitet Bakıda harada yerləşəcək? Tədris hansı dildə keçiriləcək? Universitetdə əcnəbi tələbələr də təhsil ala biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirdi ki, bütün bu məsələlərlə bağlı müqavilələr imzalanmalıdır.

Onun sözlərinə görə, akademik heyətin Türkiyədən olması nəzərdə tutulur.

"Bina, inzibati heyət və sair Azərbaycanda olacaq. Konkret yer barəsində hələ ki, heç nə demirik. Ona görə ki, yalnız universitetlərarası müqavilələr imzalanandan sonra olacaq. Çünki bu, fərqli model universitetdir. İlk dövr üçün hələlik Azərbaycan vətəndaşlarının təhsil almasını nəzərdə tuturuq. Növbəti illərdə, sözsüz ki, universitetin türk dünyasının dəyərlərinə xidmət edəcəyini nəzərə alaraq, növbəti illərdə başqa ölkələrin də, xüsusilə də türkdilli ölkələrin vətəndaşlarının oxuması üçün şərait yaradılacaq. Tədris hələlik türk və ingilis dillərində olacaq", - deyə Nicat Məmmədli bildirdi.

Həmidə İBRAHİMLİ