"Dövlət İmtahan Mərkəzi istəmirdi ki, suallar müəyyən şəxslərin əlinə keçsin" - Ekspert

 17:33 26.02.2024     1329

Bildiyimiz kimi, bu il ilk dəfə olaraq buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunacaq. İştirakçılara imtahanın sonunda sual kitabçalarını özləri ilə aparmağa icazə veriləcək.

Maraqlıdır, bu ilə kimi buraxılış imtahanında sual kitabçaları nə üçün təqdim olunmurdu? Bu kitabçaların verilməsinin abituriyentlərə hansı müsbət təsiri olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil ekspert Elçin Əfəndi dedi ki, 2019-cu ildən etibarən 11-ci siniflərin buraxılış imtahanları kurikulum əsasında keçirilib:

"Ondan iki il əvvəl isə doqquzuncu siniflər üçün buraxılış imtahanları ilk dəfə kurikulum əsasında keçirilmişdi. Bu ilki ilə qədər buraxılış imtahanlarının kitabçaları verilmirdi. Bunun başlıca səbəbi ondan ibarət idi ki, həmin formatda suallar ilk dəfə idi yazılırdı. Onların daha çox yayılmamasının qarşısını almaq üçün Dövlət İmtahan Mərkəzi bu qərarı qəbul etmişdi. Artıq keçən 4-5 il müddətinə müəyyən bir baza formalaşdığı üçün, artıq mövcud istifadə olunan sualların məhz abituriyentlər tərəfindən baxılması, öyrənilməsi Dövlət İmtahan Mərkəzi üçün bir o qədər də narahatlıq yaratmadığı səbəbindən bu ildən etibarən artıq buraxılış imtahanının kitabçaları şagirdlərə veriləcək. Əslində əvvəlki dövrlərdə də bu kitabçalar verilməli idi. Amma məhz bazanın formalaşması üçün Dövlət İmtahan Mərkəzi istəmirdi ki, suallar yayılsın və müəyyən şəxslərin əlinə keçsin".

Ekspert qeyd etdi ki, bunun şagirdlər üçün müsbət tərəflərinə gəldikdə isə, mövcud sualları görüb hansı formatda sualları əlaqələndirə bilərlər və o mövzuları üzərindən daha ciddi işləyə bilərlər:

"Bir növ onların artıq fikirlərində formalaşır ki, buraxılış imtahanında format budur, model budur, bu cür suallar olur. Onun üzərindən işləyib istifadə edə biləcəklər. İndi bu ildən etibarən biz baxacağıq ki, kitab bazarında, test bazarında məhz o formata uyğun, kifayət qədər sual kitabçalarından ibarət test tapşırıqları hazırlanacaq. Çünki artıq onlar həmin formatdan istifadə edəcəklər və onun üzərindən testlər tərtib etməyə başlayacaqlar".

Humay İSGƏNDƏRLİ