DİM rəsmisi abituriyentlərə veriləcək sual kitabçalarından DANIŞDI

 12:05 27.02.2024     2986

"Əvvəlcədən elan olunduğu kimi, artıq buraxılış imtahanlarında sual kitabçaları iştirakçılara təqdim olunacaq. Həmçinin imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların izahı da yazılı şəkildə DİM-in saytına yerləşdiriləcək".

Bunu Redaktor.az-a buraxılış imtahanlarının sual kitabçalarının abituriyentlərə verilməsi haqqında danışan Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə dedi.

Qurum rəsmisi qeyd etdi ki, bütün bunlar, əlbəttə, şəffaf və obyektiv imtahanın göstəriciləri kimi qiymətləndirilməlidir:

“Bilirsiniz ki, imtahandan əvvəl proqram, eyni zamanda imtahan modeli “Abituriyent” jurnalının müvafiq buraxılışlarında dərc olunub. İmtahanın məzmunu ilə əlaqədar bütün məlumatları əvvəlcədən təqdim edirik. Kitabçaların verilməsi və tapşırıqların izahı iştirakçıların öz imtahan nəticələrini təhlil etməsinə şərait yaradacaq. Kitabçaların imtahan iştirakçılarına təqdim olunmasının səbəblərindən biri də DİM-də artıq zəngin test bankının formalaşmış olmasıdır. Bu illər ərzində Mərkəzin test bankına kifayət qədər tapşırıq daxil edilib. Həmçinin yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası və s. işlərlə məşğul olan mütəxəssislər yetişdirilib. Ona görə də istər imtahan iştirakçıları, istərsə də, ekspert-müəllimlərin maarifləndirilməsi, bu sahəyə verilə biləcək töhfənin artırılması üçün DİM tərəfindən bu ildən etibarən kitabçaların iştirakçılara verilməsi ilə bağlı müvafiq qərar qəbul olunub”.

Müəyyən imtahanlardan sonra sual kitabçalarının iştirakçılara verilməməsi məsələsinə gəldikdə isə X.Xanlarzadə bildirdi ki, bunun müxtəlif səbəbləri var:

“İlk növbədə dünya təcrübəsində də kitabçaların imtahan verənlərə paylanılması nümunəsinə demək olar ki, rast gəlinmir. Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur. Bundan əlavə, test bankının zənginləşdirilməsinə, yəni tapşırıqlarının hazırlanmasına kifayət qədər vəsait və əmək sərf olunur. İmtahanlarda hər bir test tapşırığının biliyin qiymətləndirilməsində oynadığı rol da təhlil edilir və bütün bunlar onun texniki pasportuna yazılır. Tapşırığın etibarlılığı, validliyi, çətinlik göstəriciləri və sairlə bağlı dəqiq məlumatlar formalaşmış olur. Ona görə də kitabçalar verilməyəndə həmin tapşırıqların bəzilərinin uzun müddət keçdikdən sonra müxtəlif imtahanlarda istifadə edilməsi istisna edilmir. Ancaq tapşırıqlar iştirakçılara təqdim edildikən sonra onlar, əlbəttə, müvafiq bazadan çıxarılır və növbəti  imtahanlarda test blokuna daxil edilmir”.

Humay İSGƏNDƏRLİ