Qarabağ Universitetində oxuyanlar dövlət qurumlarında işlə təmin olunmalıdırlar - Ekspertdən TƏKLİF

 17:35 27.02.2024     537

"Ümumiyyətlə, qeyd edim ki, bu il 2024-cü ildə Azərbaycanda iki yeni universitet olacaq. Hamının səbirsizliklə və böyük həyəcanla gözlədiyi Qarabağ Universiteti, ikinci də onun qədər əhəmiyyətli olan Türkiyə - Azərbaycan Universitetidir ki, bunların hər ikisi çox vacib bir hadisədir. Bu il ali təhsil müəssisələrinə qəbul planı yerində kəskin artım olacaq. Ali təhsil müəssisələrinin qəbul plan yeri 60 minə qədər olacaq ki, onun da 50 faizdən çoxu ödənişsiz dövlət sifarişli plan yerdəridir. Təbii ki, bizim üçün ən vacib olan birmənalı şəkildə Qarabağ Universiteti ilə bağlıdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bu il açılması planlaşdırılan Qarabağ Universitetində tələbələrə yaradıla biləəck imkanlardan danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağ Universitetində təhsil tamamilə ödənişsiz, yəni pulsuz olacaqdır.

"Həmçinin bu universitetə qəbul olanlara ənənəvi təqaüdlərlə yanaşı, həvəsləndirici digər təqaüdlər də tətbiq ediləcək. Bu, kifayət qədər cəlbedicidir ki, bu günləri abituriyentlər orada oxumaq istəyirlər. Həmçinin Qarabağ Universitetində tam olaraq ödənişsiz yataqxana olacaq. Hazırda müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. Ümumilikdə hesab edirəm ki, cəlbedici olması üçün yenə əlavə addımlar atmaq olar. Yəni həm oranın pulsuz olması, həm yataqxananın ödənişsiz olması kifayət qədər cəlbedicidir. Amma mütləq şəkildə orada ikili diplom proqramına xüsusi diqqət yetirmək lazımdır. Buradakı ixtisasları fərqli olaraq ortaya qoymaq lazımdır. Misal üçün, mən hesab edirəm ki, Qarabağ universitetində hüquq, tibb ixtisaslarına xüsusi diqqət yetirmək lazımdır. Bu həmçinin işğaldan azad edilmiş tarixi ərazilərimizdə kadra olan ehtiyacı təmin etməyə imkan verəcəkdir, həmçinin cəlbedici olacaqdır. Bundan başqa, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi kimi ixtisaslar bu gün gənclər tərəfindən daha çox cəlbedicidir. Əmək bazarında bu ixtisaslı mütəxəssislər daha yaxşı işləyə bilirlər. Hesab edirəm ki, bu istiqamətdə işlər aparmaq olar. Xüsusən burada ödənişsiz oxuyacaq şəxslərə konkret indidən təyinatla bağlı konkret müqavilələr imzalamaq, yəni dövlət qurumlarında işlə bağlı addımlar atılarsa ki, siz təhsilinizi başa vurandan sonra işləyəcəksiniz, hesab edirəm ki, bu addımlar onlar üçün kifayət qədər cəlbedici olacaqdır", - deyə ekspert qeyd etdi.

Həmidə İBRAHİMLİ