"Orta məktəb dərsliklərinin yükü ali məktəb səviyyəsindədir" - Ekspertdən ETİRAZ

 16:18 01.03.2024     1604

Ötən gün Elm və Təhsil Nazirliyinin brifinqində nazir Emin Əmrullayev bildirib ki, ibtidai dərs yükünün azaldılması nəzərdə tutulmur, çünki bizə görə çox deyil.

“Azərbaycan məktəbində dərslərin sayı da, həftələr də azdır. Bizim məzmun uyğundur, nə ağır, nə çətin. Biz tədrisi həddən artıq arzularla yükləmişik. Bunlar yazıq uşağın üstünə yüklənib. Mən bunun üçün gərək saatları azaldım, bu zaman gərək müəllim azalsın. Əgər sifariş belədirsə, mən edim. 24 saat müəllimlərin maaşıdır, qərar versək ki, saatı 22 saat edək, bu o deməkdir ki, müəllimlərin maaşını azaldaq. Bizdə 100-dən 8-10 uşaq var ki, Sinqapur və s. yerlərdə təhsil alanlardan geri qalmır. Təhsilin ağır, yüngül olmasını necə müəyyən edirik? Hazırda təhsil yükünün yüngülləşməsi imkanımız var. Bir addım atmışıq, biri də olacaq. Mənə görə, imtahanlar çoxdur, bu qədər imtahana ehtiyac yoxdur. Bəzi orta məktəb imtahanları azaldıla bilər”, - deyə nazir bildirib.

Nazirin fikirlərin haqqında Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov söylədi ki, Azərbaycanda dərs saatları və dərs yükü dünyanın müxtəlif ölkələrindən fərqlidir:

"Bu dərs yükünü nə az, nə də çox hesab edirik. Azərbaycanın özünün xüsusiyyətləri var. Birinci o sualın cavabını tapmalıyıq ki, hansı bilik və bacarıqlara uyğun vətəndaş yetişdirmək istəyirik? Bizim fənlərin məqsədi odur ki, gələcəkdə bu mütəxəssislər əmək bazarına daxil olanda onlar hansısa biliklərə malik olsunlar. Məsələn, biz bu günləri dərs yükünü azaldaq deyəndə, hansı fənlərin ixtisarı nəzərdə tutulur ki, onlara gələcəkdə ehtiyac olmasın? Məsələn, artıq təbiət fənni var və bu təbiət fənni üç fənni azaldır. Fizika, kimya, biologiya artıq o fənnin tərkibindədir. Bu gün Azərbaycanda tədris yükü deyəndə iki yanlış informasiya var. Əslində, nazirin dediyi fikirdən biri də dərsin müddəti ilə bağlıdır. Yəni bu gün Azərbaycanda şagirdlər üç aydan çox istirahət edirlər, bu kifayət qədər çox vaxtdır. Ona görə Azərbaycanda tətbiq olunub ki, yay aylarında, isti havada və dərslərin təşkili effektiv olmaya bilər. Çünki bizim məktəblərimizdə kondisioner yoxdur. Nazir onda haqlıdır ki, yeni dərs müddəti Azərbaycanda cəmi 32 həftədir, uşaqların dərsə getmə müddəti dünya ölkələri ilə müqayisədə azdır".

Ekspert qeyd etdi ki, bu gün Azərbaycanda dərsliklər kifayət qədər ağırdır.

"Dərsliklərin informasiya yükü çoxdur. Bu dərsliklər şəxsiyyət yetişdirməyə, vətəndaş yetişdirməyə imkan vermir, dərsliklərin yükü ali məktəb səviyyəsindədir. Yəni bu məsələlər ciddi problemdir. Amma bu uşağın səhərdən axşama qədər məktəbdə olması heç bir problem deyil. Uşaqdır və onun əsas funksiyası öyrənməkdir, bunu hansısa əmək münasibətlərinə cəlb etmirik. Bunun pis olan bir tərəfi yoxdur. Özbaşına qoysa avaralanacaq, xoşagəlməz işlərlə məşğul olacaq. Amma birmənalı şəkildə hesab edirəm ki, uşaqların dərslə məşğul olmasında və məktəbə cəlb olunmasında bir problem yoxdur. Sadəcə, bizim dərsliklərlə bağlı problemimiz var. Hazırda dərs yükü hədsiz dərəcədə çoxdur, hesab edirəm ki, dərsliklər sadələşdirilməlidir. Biz dərslikləri öyrədici funksiya etməliyik. Yəni bizim problem gördüyümüz hissə, dərs saatları dərs müddəti deyil, dərsliklərin yüküdür və bu ciddi problemdir", - deyə Kamran Əsədov vurğuladı.

Humay İSGƏNDƏRLİ