"Müəllim elə davranışların sahibi olmalıdır ki, kameralar onun arxasınca düşməsin" - Deputatdan nazirə REAKSİYA

 17:08 04.03.2024     4749

Elm və təhsil naziri Emin Əmrullayev söyləyib ki, müəllimin arxasınca kamera ilə düşüb çəkmək tərbiyə alətlərini onun əlindən almaq deməkdir.

"Çünki o nəsə etməyə çəkinəcək. Bu da yaxşı yerə gətirib çıxarmaz. Ölkədə olan 150 mindən çox müəllimdən 300-500-ü davranış qaydalarını poza bilər. Onsuz da ona qarşı lazımi addımlar atılacaq. Amma belə davranışlar müəllim olmaq istəyənlərin sayının azalmasına təsir göstərir. Elə şagird var ki, heç evdə onunla bacarmırlar", - deyə nazir bildirib.

Bəs, telefon olmazsa, məktəblərdəki neqativ hallardan necə xəbərdar olacağıq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev dedi ki, müəllim özünün davranışına mütləq fikir verməlidir:

"Müəllim elə davranışların sahibi olmalıdır ki, həmin o kameralar onun arxasınca düşməsin. Yəni məktəb direktoru nümunəvi davranış nümayiş etdirməlidir. Mən də məktəblə bağlı, şagirdlərlə bağlı yersiz çəkilşlərin əleyhinəyəm. Belə bir fikir yaranır ki, bəzən ancaq neqativ halların işıqlandırılmasından sanki bəzi şəxslər zövq alırlar, ləzzət alırlar. Yaxşı olar ki, məktəb rəhbərliyi valideynlərlə çox sıx təmasda olsunlar, təmənnasız təmasda olsunlar. Əgər məktəb müəllimləri şagirdlərinə öz övladları kimi yanaşmayacaqsa, burada söhbət ancaq maddiyyat üzərində qurulacaqsa, bizim problemlərimizin sayı artacaq. Bu gün valideyn uşağı vasitəsilə müəllimə repetitor haqqının ödənilməsi üçün pul göndərir. Bu uşaq psixologiyasına amansız təsir göstərir. Uşağın psixologiyasında mənfi izlər axır. Bu zaman münasibətlər, müəllim-şagird münasibətləri itir. Tanınmış pedaqoqların tələb etdiyi tərbiyə mənəvi sferadan çıxır. Çox hallarda pul verən yerdə səs də yazırlar və sair. Amma bütün hallarda xalq olaraq məktəbi itirməyə bizim haqqımız yoxdur. Hamı məktəbin tərəfində durmalıdır. Hansısa bir neqativ hallar olanda bəziləri bütün problemi valideynin üzərində qoyur. Axı bu pedaqogika, psixologiya elmdir. Hər bir valideyn bunu bilmir axı, müəllim bilir. Fənnini bilməklə yanaşı, həm də pedaqoq olmalıdır, həm də psixoloq kimi o, şagirdinin gələcəyini görməlidir. Onun tərbiyələndirilməsində, müəyyən biliklər qazanmasında müəllimin üzərinə məsuliyyət düşür. Bu mənada mən düşünürəm ki, o münasibətlərin ali formada təşəkkül tapması üçün özümüzün bilərəkdən etdiyimiz bir sıra vərdişlərimizə son qoyulmalıdır".

Humay İSGƏNDƏRLİ