"Özlərinin zəif nəticələrini bu cür bəhanələrlə ört-basdır etmək istəyirlər" - Ekspertdən müəllimlərə İRAD

 13:44 04.03.2024     1656

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Hər il olduğu kimi, bu il də imtahan sualları ilə bağlı müəyyən narazılıqlar var. Müəllim və abituriyentlər Azərbaycan dili fənninin suallarının çətin olduğunu bildirirlər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov söylədi ki, builki buraxılış imtahanları əvvəlki illərdən iki məsələyə görə ciddi şəkildə fərqlənirdi:

"Birincisi ona görə ki, ilk dəfə olaraq ölkənin bütün ərazisində buraxılış imtahanları keçirildi və Azərbaycanın müstəqillik tarixində suveren imtahan idi, bütün ölkə ərazisini əhatə edirdi. İndiyə qədər biz bunu ancaq xəyal edə bilərdik, amma artıq reallaşıb və tarixi torpaqlarımızda buraxılış imtahanları keçirilib. İkincisi, imtahan iştirakçılarına imtahandan sonra sual kitabçalarını özləriylə aparmaq icazəsi verildi ki, bu da imtahan nəticələrini yoxlamağa, həmçinin suallar ətrafında müəllimlərlə şagirdlərin fikir mübadiləsi etməyə imkan verir. Test tapşırıqlarına gəlincə, təbii ki, imtahan iştirakçılarına təqdim olunan suallar kifayət qədər rahat suallar idi və hər bir test tapşırığı orta məktəbin tədris proqramına və ölkədə 2008-ci ildən tətbiq olunan kurikulumun məzmun standartlarına uyğun idi. Azərbaycan dili fənnindən test tapşırıqlarına gəlincə, digər fənlərlə müqayisədə ən asan və sadə suallar Azərbaycan dilinə təqdim edilmiş suallar idi. Dövlət İmtahan Mərkəzi oktyabr- noyabr aylarında bununla bağlı proqramını təqdim etdi, mətnlərlə bağlı suallar heç də çaşdırıcı deyildi. Orada müxtəlif bacarıqların yoxlanılması həyata keçirilirdi, mətn suallarında daha çox anlama, tətbiqetmə, qrammatik bacarıqların yerinə yetirilməsi yoxlanılırdı. Nəzərə alsaq ki, Azərbaycan dili bizim doğma dilimizdir və hər bir şagird birinci sinifdən on birinci sinfə qədər ən çox dərs saatını məhz bu fənndən alır, ona görə də Azərbaycan dili fənni ilə bağlı şagirdlərin hər hansısa bir formada narazı olmağı anlaşılan deyil. Ordakı sualların heç biri Dövlət İmtahan Mərkəzinin öncədən elan etdiyi proqramdan kənar deyildi. Həmçinin bu suallar kurikulumun məzmun standartlarına uyğun idi".

Ekspertin sözlərinə görə, Azərbaycan dili fənni ilə bağlı müəllimlərin narazılığı ondan ibarətdir ki, onlar kurikulum standartlarına uyğun yox, köhnə qaydada dərs keçiblər.

"Dövlət İmtahan Mərkəzinin test bankında yüzlərlə belə nümunə var. İngilis dili fənnindən dinləmə ilə bağlı suallarda haqlı narazılıq ola bilərdi. Amma Azərbaycan dili fənnindən mətnlə bağlı olan tapşırıqlardan narazı olmaq müəllimlərin bu fənni yaxşı tədris etməməsindən irəli gəlir, bu proqramı yaxşı mənimsəməməsindən irəli gəlir. Hesab edirəm ki, burada özlərinin zəif nəticələrini bu cür bəhanələrlə ört-basdır etmək istəyirlər. Azərbaycan dili fənnindən suallar kifayət qədər rahat, asan və orta səviyyədə oxuyacaq şagirdin cavablanmaq imkanına malik olan suallar idi", - deyə K.əsədov bildirdi.

Humay İSGƏNDƏRLİ