Şərəfli peşənin layiqli davamçısı

 14:19 04.03.2024     702

Məktəb üç kollektivin - müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir.

Bu vəhdət bir məqsəd uğrunda birləşəndə yüksək nəticələrin əldə edilməsi şübhəsizdir. Bu cür mühitin formalaşmasında aparıcı rolu ilk növbədə məktəb direktoru oynayır.

Bəs direktor deyəndə nə başa düşürük? Direktor latınca "yönəldən", "istiqamət verən" mənasını bildirir, geniş mənada "sənaye, elm, təhsil müəssisəsinin rəhbəri" deməkdir.

XXI əsrdə məktəb direktorunun rolu cəmiyyətimizdə ən vacib rollardan biridir. Direktor gələcəyin yaradılmasında iştirak edir. Uşaq və yeniyetmələrin inkişafı, onların uğurlu şagird, özünəinamlı yaradıcı şəxsiyyət və fəal məlumatlı vətəndaş kimi formalaşmasında məsuliyyət onun üzərinə düşür.

Əsl direktor cəmiyyətə inandırır ki, təhsil bu gün və gələcəkdə cəmiyyətin və insanların həyatını dəyişə bilər. Bu gün təhsil qanunları çərçivəsində direktorların üzərinə böyük öhdəliklər düşür. Öz peşəsini layiqincə yerinə yetirmək, əsl vətəndaşlıq nümunəsi sərgiləmək direktorlar üçüm çox mühümdür. Çünki onlar mayakdırlar. Yaxşı direktor yaxşı məktəb deməkdir. Yaxşı məktəb yaxşı təhsil, yaxşı tərbiyə deməkdir. Yaxşı təhsil yaxşı vətəndaş, yaxşı millət deməkdir.

Bu gün haqqında söhbət açacağımız Kəlbəcər rayon 100 nömrəli tam orta məktəbin direktoru Rəhimova Afaq Rəhim qızı da belə direktorlardandır. Səmərəli fəaliyyəti ilə seçilən, missiyasını layiqincə yerinə yetirən, öz bilik, bacarıq, idarəetmə keyfiyyətləri və təcrübələri ilə seçilən, şəxsi keyfiyyətlər, sosial bacarıq və şəxsiyyətlərarası ünsiyyət vərdişləri ilə hər kəsin sevimlisinə çevrilən Afaq Rəhimova dərin elmi-nəzəri biliyə, geniş eridusiyaya, həyati və pedaqoji təcrübəyə sahibdir.

Afaq Rəhimova 1 iyul 1982-ci ildə Bərdə rayonunda anadan olub. Əslən Kəlbəcərin Zülfüqarlı kəndindəndir. ADPU-nun Mühəndis pedaqoq və bədii qarafikə fakültəsinin UTF ixtisasına yiyələnən Afaq Rəhimova 22 illik pedaqoji təcrübəyə sahibdir. Bir sıra məsul vəzifələrdə çalışıb. Hal-hazırda Kəlbəcər rayon 100 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyət göstərən Afaq Rəhimova məktəb işinin məzmununu dərindən dərk edərək demokratik prinsiplərlərlə çalışır. O, məktəbin qarşısında duran məsələlərin həllinə yaradıcı yanaşmağı, bütün işçilərdən işgüzarlığı, intizamlılığı, operativliyi, təşkilatçılığı, şəxsi məsuliyyət hissinin aşılanmasını israrla tələb edir. Afaq Rəhimova məktəb həyatının təşkilində yüksək etik dəyərləri rəhbər tutaraq demokratik addımları ilə düşünürəm ki, hər kəsə nümunə olan bir şəxsdir, şəxsiyyətdir. O eyni zamanda məktəbin təkmilləşməsində bütün innovasiyalardan istifadə edir. İctimaiyyəti də bu işlərə cəlb edir. Əks əlaqəni düzgün qurmağı bacaran Afaq Rəhimova da təhsil birliyinin bütün üzvlərini daima əməkdaşlığa səsləyir. "Güc birlikdədir" şüarı ilə hər kəsi həmrəyliyə çağırır. Məktəbdə daim müsbət ab-hava yaradır, tədrisin effektiv üsullarının axtarışında məktəb kollektivinə daim kömək edir. Verdiyi ədalətli qərarlarla, sözləri ilə əməli vəhdət təşkil etdiyinə görə bu, işçilərə də, şagirdlərə də, eyni zamanda valideynlərə də xoş təsir bağışlayır. Çünki insanlar həmişə rəhbərin hərəkətlərində və münasibətlərində onun ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər zaman əməkdaşların hörmətini, etibarını qazanır, kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik olur. Afaq Rəhimova tədrisdə uğur qazanan şagirdlərin stimullaşdırılmasına xüsusi fikir verir. O eyni zamanda şagirdlərin fiziki və mənəvi təhlükəsizliyinə, qeyri-etik hərəkətlərin, qısnama və digər antisosial davranış formalarının yoverilməzliyini təmin edir. Afaq Rəhimova şagirdlərin hərtərəfli, sərbəst və yaradıcı inkişafını şəxsiyyətyönümlü təlimdə əsas məqsəd tutaraq şagirdlərin özünü bərabərhüquqlu şəxsiyyət kimi dərk etməsinə, yoldaşlarını da həmçinin şəxsiyyət kimi görməsinə və özünə, onlara hörmət etməyə sövq edir. Bu cür təlimdə şagirdlər qarşılıqlı hörmət, əməkdaşlıq mühitində fəaliyyət göstərirlər.

Afaq Rəhimovaya uğurlu fəaliyyətinə görə təşəkkür edirik, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, peşə fəaliyyətində möhkəm cansağlığı, əzm, iradə və uğur arzulayırıq!

Günay GƏRAYZADƏ