Bakıda məktəb direktorundan nümunəvi addım: 8 Mart hədiyyəsi qadağan edildi

 15:36 04.03.2024     549

Hər zaman 8 Mart Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində müəllim və direktorların pul yığmaqla bağlı səs yazıları, mesajları gündəmdən düşmürdü.

Bu dəfə isə tamamilə fərqli hadisə baş verib. Belə ki, paytaxt məktəblərindən birində direktor müəllimlərə 8 Martda hədiyyə qəbul etməmələri üçün möhürlü qadağa tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Ülkər Abdullayeva paylaşım edib.

Bakı şəhəri Vətən müharibəsi qəhrəmanı Ceyhun Həsənov adına 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsini qəti şəkildə qadağan edib.

Direktorun imzaladığı sənəddə deyilir:

"Müəllimlərin nəzərinə.

Hörmətli müəllimlər,

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Sizləri təbrik edir, bu şərəfli və məsuliyyətli işdə hər birinizə uğurlar arzulayırıq! Bildiyiniz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 6 noyabr 2014-cü il tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları" nın tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Bu baxımdan, müəllim nüfuzunun yüksək tutulması, məktəb və cəmiyyət içərisində müəllim adına etimadın qorunması və qeyd edilən bütün məsələlərin tələblərə müvafiq şəkildə icrası məqsədilə hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.

Qeyd edilənləri nəzərə alaraq, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi (maddi və qeyri maddi nemətlər, qiymətli əşyalar, pul ve s.) həmişə olduğu kimi qəti şəkildə qadağan edilir".

Humay İSGƏNDƏRLİ

2