"Məktəbli qızların geyimlərinə şalvar da əlavə edilibsə, müəllimlərə niyə olmaz?" - Vüsalə Ağabəyli

 17:32 04.03.2024     1576

"İllərlə məktəbləri bu cür yanlış metodika, yanlış idarəçiliklə məhvə sürükləyiblər. Məktəbin ən önəmli tədris-təhsilvermə funksiyası kənarda qalıb, bu gün məktəblər sinifdə şagird sayını sayıb kəmiyyət göstəricilərini qeyd etməkdən, bir də forma geyinib-geyinməməyə nəzarət etməkdən başqa xüsusi bir fəaliyyət göstərmirlər. Təbii ki, müəllimin rol-model olaraq obrazı böyük əhəmiyyət daşıyır. Burada geyim də önəmlidir, nitq də önəmlidir, savad da, insani keyfiyyətlər də. Lakin geyim necə önəmlidir? Müəllimin vulqar olmayan, təhsil müəssisəsinə uyğun olan üslubda geyimi qənaətbəxş hesab edilməlidir. Bu don, ətək, şalvar kimi kateqoriyalarla deyil, məktəbə uyğun tərzlə müəyyənləşməlidir. Əgər Elm və Təhsil Nazirliyi məktəbli formalarında qızların geyimlərinə şalvar da əlavə edibsə, müəllimlərə niyə olmaz?"

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bəzi orta məktəb direktorlarının müəllimlərə geyim barəsində tutduğu iradları, pis rəftarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bəzi direktorlar əllərində xüsusi gücə və imtiyaz sahib olmaq üçün müəllimləri müxtəlif üsullarla təzyiq altında saxlayırlar:

"Direktora müəllimin şalvar geyinməsi yox, sinfinin və fənninin keyfiyyət göstəricisi önəmli olmalıdır. Bu cür direktorlar özləri işçi mühiti pozub, keyfiyyətsiz idarəçilik göstərib etik çərçivələrdən çıxırlar. Beləliklə, eyni üslubda da müəllimlər öz şagirləri ilə danışmağa və davranmağa başlayır. Təhqir və şəxsiyyəti alçatma məsələləri birbaşa məhkəmə predmetidir. Bunu işə götürülənlə əmək müqaviləsi imzalayan direktor özü bilmirmi?"

Həmidə İBRAHİMLİ